Naxçıvan Dövlət Universitetində ali məktəbin 56 illik tarixinə möhür vuran möhtəşəm Məzun Günü keçirilib. Naxçıvan şəhərində, Saat Meydanı istirahət kompleksində təşkil olunan “Məzun Günü”ndə əvvəlcə “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti” adlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev 2022-2023-cü tədris ilinin yekununda 1500 tələbənin məzun olduğunu deyib, tələbəlik illərini insan həyatının ən önəmli dövrü adlandırıb:”Həmin dövr gəncliyin xoş günlərini özündə əks etdirməklə yanaşı, hər hansı bir ixtisasa, elmə, biliyə yiyələnmək, gələcəkdə ondan daim yararlanmaq baxımından tələbələrin həyatında böyük izlər qoyur. Universitetin də məqsədi məhz intellektual, bacarıqlı, vətənpərvər gənclər yetişdirməkdir”.
Bu illər ərzində məzunların ictimai həyatda da aktiv olduğunu diqqətə çatdıran rektor bildirib ki, onlar təkcə auditoriyalarda deyil, eyni zamanda ictimai həyatda fəallıq göstəriblər. Rektor bütün məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Sonra pedaqoji fakültənin müəllimi Valeh Əlixanovun rəhbərliyi ilə tələbələrin hazırladığı, çətin fəndlərin ustalıqla yerinə yetirildiyi “Karate şousu” göstərilib.
Qeyd edək ki, “Məzun Günü”nə ali təhsil müəssisəsinin keçmiş məzunları da qatılıb. Onlardan Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar tədbirdə çıxış edərək bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəsillə bağlayır:” Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatlarını hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Məhz Naxçıvan Dövlət Universiteti də bacarıqlı gənclərin yetişdirilməsində xüsusi rol oynayır”.
Məzun Günü incəsənət fakütəsinin müəllim və tələbələrinin hazırladığı konsert proqramı ilə davam edib.