Azərbaycan Texnologiya Universitetində "Açıq qapı” günü keçirilib. Yay imtahan sessiyası ilə bağlı təşkil olunan “Açıq qapı” günündə valideynlər və media nümayəndələri iştirak ediblər.

 

Tədris şöbəsinin müdiri Raqif Hüseynov əvvəlcə imtahan prosesi barədə məlumat verib. Bildirib ki,  gün ərzində 800-ə yaxın tələbə test və yazılı qaydada imtahanlarda iştirak edir. R.Hüseynov sonuncu kursların Yekun Dövlət Attestasiya İmtahanının dünəndən başladığını, 3 gün ərzində davam edəcək bu imtahanların da nəzarət altında obyektiv keçirilməsinə səy göstərildiyini vurğulayıb. Əlavə edib ki, imtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə otaqlarda müşahidə kameraları yerləşdirilib, Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq İmtahan Qərargahı və Apelyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib. İmtahan nəticələri kənar şəxslərin girişinin qadağan olunduğu kodlaşdırma otağında yoxlanılır və həmin gün tələbələrə elan edilir.

 

Daha sonra valideynlər imtahan keçirilən zalları gəzib, prosesi yaxından izləyiblər. Burada İmtahan Komissiyasının sədri İlhamə Quliyeva və Apelyasiya Komissiyasının sədri Eldəniz Bayramovla həmsöhbət olublar. Onlar baş verə biləcək neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndirib, biliklərinin şəffaf və obyektiv dəyərləndirilməsi ilə bağlı tələbələrə yaradılan şəraitdən məmnunluq ifadə ediblər.