London Universitet Kolleci, Respublika Universiteti (Uruqvay) və Harvard Tibb Məktəbindən (ABŞ) olan alimlərdən ibarət beynəlxalq qrup mütəmadi günorta yuxusunun insanlarda ümumi beyin həcminin artmasına təsirini sübut edib. Onların fikrincə, günün birinci yarısında qısamüddətli yuxuya getmək yaşlandıqca koqnitiv funksiyaların qorunmasında amillərdən biri ola bilər.

 

Tədqiqatın nəticələri “Sleep Health” nəşrində dərc olunub.

 

Bundan əvvəlki araşdırmalar göstərib ki, günorta saatlarında yuxuya getmək bir sıra koqnitiv funksiyaların yerinə yetirilməsi üçün əlverişlidir: 5-15 dəqiqəlik yuxudan sonra insan növbəti 1-3 saat daha məhsuldar olur, 30 dəqiqəlik yuxudan sonra isə – əvvəl bir qədər əzgin ola bilər, lakin sonra iş qabiliyyəti gün ərzində artır. Bundan başqa, Altsheymer xəstəliyinin inkişaf riski ilə əlaqə aşkar olunub. Lakin bütün işlər, testlər və sorğular kimi, səbəb-nəticə əlaqəsinin klinik sübutu olmadan müşahidə xarakteri daşıyıb.

 

Yeni araşdırmada müəlliflər beyin sağlamlığının əyani göstərici olan onun həcmini əsas götürüblər. Miqyaslı təhlilin nəticələrinə görə, genetik olaraq günorta yuxusuna “proqramlaşdırılan” insanlar daha böyük beyin həcminə malik olublar. Bu, müntəzəm günorta yuxusunun yuxu çatışmazlığını və ya yuxusuzluğu kompensasiya edərək neyrodegenerasiyaya qarşı bir qədər qorunma təmin etdiyinə dair bir dəlil ola bilər. Hesablamalara görə, günorta yatmaq vərdişi olan insanların beyni gündüz yatmayanlara nisbətən təxminən 2,6–6,5 yaş cavandır.

 

Azərtac