GDU-da elmi-praktik seminar


Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Gəncədə “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı kimi” mövzusunda elmi-praktik seminar keçirilib.

 

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Gəncədə fəaliyyət göstərən Uşaq Rəssamlıq Məktəbi və Uşaq İncəsənət Məktəbi şagirdlərinin multikulturalizm və tolerantlıq mövzularında çəkdikləri rəsmlərin sərgisi ilə tanış olublar.

 

Tədbiri açan Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib ki, multikulturalizm əsrlərboyu Azərbaycanda yaşayan, müxtəlif dillərdə danışan, ayrı-ayrı etnoslara və onların adət-ənənələrinə mənsub, fərqli inanc sisteminə və dinlərə malik bütün insanların dinc və mehriban şəraitdə birgəyaşayışını şərtləndirən anlayışdır. Məhz sabit gələcəyin və inkişafın şərti olan birgəyaşayış ənənələri həm də ölkəmizin mədəni müxtəlifliyinin göstəricisidir.

 

Pərvin Kərimzadə deyib ki, belə bir tədbirin çoxminillik tarixi irsə və zəngin mədəniyyətə varislik edən Gəncə şəhərində keçirilməsi təsadüfi deyil: “Çünki son orta əsrlərə qədər İslam və Şərq aləminin Avropaya və Xristian dünyasına açılan qapısı hesab edilən Gəncə, həm də müxtəlif sivilizasiyaların və mədəniyyətlərin bir-birinə inteqrasiyasını təmin edən böyük mədəni mərkəz rolunu oynayıb”.

 

Deputat qeyd edib ki, əsrlərlə ölkəmizdə yaşayan millətlərin birgəyaşayışında, eləcə də müdrik ədiblərin və filosofların əsərlərində əks olunan multikulturalizm və tolerantlıq ilə eyni mənanı ifadə edən fikirlər ilk dəfə ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsində özünün siyasi həllini tapıb. Bu gün Prezident İlham Əliyev tərəfindən dövrün qlobal çağırışlarına uyğun istiqamətləndirilən, müstəqillik yollarında inamla, qətiyyətlə və ləyaqətlə irəliləyən Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas prioritetlərindən biri kimi multikulturalizm və tolerantlıq bütün dünyada siyasi dəstək və şöhrət qazanıb.

 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, Mərkəzin mədəni turizm və innovasiyalar şöbəsinin metodisti Ceyhun Əhmədov mövzu ilə əlaqədar danışıb, tədbirin əhəmiyyətini vurğulayıblar.

 

AMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov “Multikulturalizmin Azərbaycan modeli: Sülh və həmrəyliyin paradiqması” mövzusundakı çıxışında Avropa, Qərb və Şərq ədiblərinin, filosof və siyasi xadimlərin sülh və birgəyaşayışa çağırışlarını şərh edib.

 

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Cavid Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları Cahangir Cahangirli, Yadigar Məmmədli, həmçinin Gəncə Dövlət Universitetinin alimləri Asim Məmmədov və Üzeyir Babakişiyevin multikulturalizm və tolerantlığın geniş spektrli mövzularına həsr olunmuş elmi məruzələri dinlənilib.