Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyənin Qazi Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda Ankarada elmi konfrans keçirilib.  Qazi Universiteti rektorluğunun Mimar Kemaleddin salonunda baş tutan konfransda səfirliyin nümayəndələri, hər iki ali təhsil müəssisəsinin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və doktorantlar iştirak ediblər.

 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

 

Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, Qazi Universitetinin prorektoru Yücel Gelişli və  Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev çıxış ediblər.

 

Rektor Ş.Bayramov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən belə bir mötəbər tədbirə tərəfdaşlıq etməkdən məmnunluğunu bildirib. Müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin milli müstəqilliyimizin qorunması və gücləndirilməsi, ölkəmizin hərtərəfli və davamlı inkişafı naminə misilsiz xidmətlər göstərdiyini qeyd edən Ş.Bayramov hazırda müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanda Ulu Öndərin siyasi kursunun uğurla davam etdirildiyini vurğulayıb. Rektor bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı, xalqımızın həmrəyliyi, qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər məhz Heydər Əliyev siyasətinin təntənəsidir. "Bir millət, iki dövlət" anlayışı ilə Ümummilli Liderin hər zaman qardaş Türkiyə ilə əlaqələrin inkişafına və dostluq münasibətlərinin gücləndirilməsinə böyük önəm və misilsiz töhfələr verdiyini diqqətə çatdıran Ş.Bayramov dahi şəxsiyyətin əziz xatirəsinin xalqlarımız tərəfindən daim böyük hörmət, sonsuz sevgi,  minnətdarlıqla yad ediləcəyini deyib.

 

Qazi Universitetinin prorektoru Yücel Gelişli ortaq elmi konfransın əsas məqsədindən və önəmindən danışıb. Bu il Türkiyə Respublikasının yaranmasının 100 illiyinin tamam olduğunu bildirən Y.Gelişli hər iki yüzilliyin sevincini özündə ehtiva edən belə bir tədbirə Qazi Universitetinin evsahibliyi etməsindən məmnunluğunu ifadə edib. İki universitet arasında əməkdaşlığın vacibliyindən danışan Y.Gelişli MDU və Qazi Universiteti arasında müntəzəm olaraq təşkil edilən ortaq konfransların işbirliyinin inkişafına əhəmiyyətli töhfə verdiyini deyib.

 

Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İ.Quliyev qardaş ölkələrin universitetləri arasında əməkdaşlığın inkişafından bəhs edib və MDU-nun bu sahədə aktivliyini vurğulayıb. Dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin titanik və misilsiz fəaliyyətləri ilə xalqımızın xilaskar lideri və Ümummilli Lideri zirvəsinə yüksəldiyini qeyd edən İ.Quliyev hazırda dahi şəxsiyyətin siyasi kursunu layiqli şəkildə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nəhəng uğurlara və əzəmətli qələbələrə imza atdığını bildirib. Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və təbliğinin önəmindən bəhs edən İ.Quliyev “Heydər Əliyev İli” çərçivəsində səfirliyin bir çox  tədbirlərə dəstək göstərdiyini qeyd edib.

 

Sonra konfrans Qazi Universitetinin professoru Alev Çakmakoğlu Kurunun moderatorluğu ilə paneldə davam edib. Paneldə MDU alimlərindən dosent Esmira Cəfərova “Heydər Əliyev və “Bir millət, iki dövlət” anlayışı”, dosent Asim Məmmədov “Heydər Əliyevin Türk dünyasının birliyinə töhfələri” mövzusunda, Qazi Universiteti alimlərindən professor İsmet Çetin “Heydər Əliyev dönəmi və Türkiyə-Azərbaycan mədəni əlaqələri”, professor Alev Çakmakoğlu Kuru “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” sözlərinin Türk sənətində izləri” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.