Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2022/2023-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası çərçivəsində valideynlər üçün “Açıq qapı” günü keçirilib.                                                                                                                         

 

“Açıq qapı” günündə nəqliyyat, su təssərüfatı və mühəndis kommunikasiya sistemləri, inşaat və memarlıq fakültələrində təhsil alan tələbələrin valideynləri, həmçinin media nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə AzMİU-nun rəhbərliyi, İmtahan Qərargahının nümayəndələri, həmçinin ictimai və tələbə təşkilatlarının rəhbərləri ilə görüş keçirilib.                                              

 

Görüşdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək imtahan prosesi haqqında məlumat verib.                                                                          

 

Rektor imtahanların gedişində şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində görülən işlərdən, həmçinin imtahanların keçirilməsi qaydaları, biliyin qiymətləndirilməsi meyarları və müraciətlərə baxılma mexanizmlərindən danışıb. Sonra valideynlərin və media nümayəndələrinin sualları cavablandırılıb.

 

Görüşdən sonra birgə imtahan prosesi izlənilib. Xüsusi ayrılmış zallarda test və yazılı imtahanların gedişini izləyən valideynlər, eyni zamanda yazılı imtahanların şifrələnmə otağında olub, prosesə canlı şahidlik ediblər.

 

Qeyd edək ki, iyunun 1-dən başlayan imtahanlarda ümumilikdə 8000-dən çox tələbə iştirak edir.                          

 

Təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq tələbələr yazılı və test üsulları ilə imtahan verirlər. Qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada fakültələrdə imtahan götürülür. Bütün imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir.  

 

İmtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.                                                         

Bundan əlavə, imtahan sessiyası dövründə birbaşa rektorun sədrliyi ilə yaradılmış Apelyasiya Komissiyası da fəaliyyət göstərir.