Ali təhsil müəssisələrinin tələbələri arasında “Vergilər” mövzusunda keçirilmiş ümumrespublika olimpiadasında yüksək nəticə göstərmiş Naxçıvan Dövlət Universiteti (NDU) tələbələrinin mükafatlandırılması mərasimi keçirilib.   

 

Universitetin rektoru Elbrus İsayev mərasimdə çıxış edərək dövlət müəssisələri ilə müxtəlif istiqamətlərdə fəaliyyətin davam etdirildiyini diqqətə çatdırıb. Rektor vergi xidmətindən dəvət olunan mütəxəssislərin həm də bir pedaqoq kimi fəaliyyətindən razı qaldığını bildirib, ali təhsil ocağının tələbələrinin  müxtəlif olimpiadalarda yüksək nəticə göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, tələbələr nəinki ölkə miqyasında, eyni zamanda beynəlxalq layihələrdə də uğurla çıxış edir və yüksək nəticələr qazanırlar. Gələcəkdə bu istiqamətdə müsabiqələrin davamlı təşkil olunacağına və tələbələrin yeni uğurlar qazanacağına əminliyini bildirən rektor onları qələbə münasibətilə təbrik edib.

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov hər iki qurumun belə müsabiqələrin keçirilməsində maraqlı olduğunu söyləyib, tələbələrin əldə etdikləri uğurların təməlində yüksək ali təhsilin dayandığını deyib. Qazanılan müvəffəqiyyəti gələcək böyük uğurların başlanğıcı hesab edən xidmət rəisi tələbələri təbrik edib, ali təhsil ocağı ilə hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb. A.İsmayılov vergi xidmətində mövcud olan Avtomatlaşdırılmış informasiya sistemi  haqqında da məlumat verib.

 

İqtisadiyyat və marketinq kafedrasının müəllimi İsmayıl Bağırov isə qeyd edib ki, olimpiadanın yekun mərhələsində universitetin tələbəsi Nail Mustafazadə II, Nicat Məmmədli III yeri qazanıb. Bildirilib ki, olimpiadada suallarda ən çox tələbələrin analiz qabiliyyətləri qiymətləndirilib.  Vurğulanıb ki, qalib tələbələr həm Dövlət Vergi Xidməti, həm də “PwC Azərbaycan” tərəfindən keçirilən təcrübə proqramlarına qatılma imkanı əldə ediblər və bu, onların gələcəkdə iş prosesinə cəlb olunmalarına şərait yaradacaq.

 

NDU-nun rektoru E.İsayev, Dövlət Vergi Xidmətinin rəisi A.İsmayılov müsabiqədə uğur qazanan tələbələrə diplom və kitab təqdim ediblər.