Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan rektor hazırda üçüncü həftəsi davam edən imtahan sessiyası haqqında ətraflı məlumat verib. İmtahanların obyetkiv, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edən Ş.Bayramov bu işlərdə əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib, tələbə və magistrantlara imtahanlarda uğurlar arzulayıb. Ötən həftə MDU-da böyük təntənə və coşqu ilə “Məzun Günü”nün keçirildiyini qeyd edən rektor cari il universitetdən məzun olacaq tələbələrə təbriklərini və xoş arzularını çatdırıb.
Səmimi formatda keçirilən görüşdə tələbə və magistrantlar çıxış edərək imtahanların təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə universitet rəhbərliyinə və professor-müəllim heyəti üzvlərinə minnətdarlıqlarını ifadə ediblər.