Sertifikasiyada yüksək nəticə göstərən müəllimin uğur hekayəsi
İlk sertifikasiya imtahanlarında uğur qazanaraq ən yüksək bal toplayan daha bir müəllim. 49 yaşlı Əfsanə Hüseynova müəllimlikdə bir qərinəni arxada qoyub ikinci qərinəyə başlayıb. Sadəcə təcrübəli yox, həm də peşəkar, işini sevən və yenilikçidir. Deyir, bir müəllimin dərs dediyi fəndən sertifikasiya imtahanı verməsi üçün xüsusi hazırlığına ehtiyac yoxdu. Hər gün şagirdlərindən soruşduqları burada onların öz qarşılarına qoyulur. Cavabını tapmaqda uşaqlarına kömək elədiyi sualları cavablandırmaq onlar üçün çətin olmamalıdır. Əfsanə müəllim də müəllimlik sınaqlarına xüsusi kurs keçmədən, müəllimdən dəstək almadan girib və uğurla çıxıb. Onun uğurunun sirri necə hazırlaşmağında yox, yaxşı müəllim olmağında gizlənib.
İlk sınaq, ilk uğur: Diaqnostik qiymətləndirmə
Barəsində söhbət açdığımız uğurlu müəllim Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialından məzun olub. İbtidai sinif müəlimliyi ixtisası üzrə təhsilini tamamladıqdan sonra Ağstafa rayonunun Eynallı kəndində müəllimliyə başlayıb. Düz 29 il Eynallı kənd tam orta məktəbində dərs deyib. Müəllimlikdə ilk sınağını da elə Eynallı kənd müəllimi olaraq verib. Diaqnostik qiymətləndirmə imtahanında 58 bal toplayıb: “Əslində, diaqnostik qiymətləndirmədə də ən yüksək bal toplamalıydım. Məktəbimizdə hər kəs məndən bunu gözləyirdi. Amma olmadı.Texniki problem səbəbindən mümkün olan maksimum balı yığa bilmədim”.
Yerdəyişmə müsabiqəsində şansı artdı
Mümkün olan ən yüksək bal olmasa da, kifayət qədər həlledici olan qiymətləndirmə nəticələri ilə yerdəyişmə müsabiqəsində iştirak edib və balı bu müsabiqədə şansını da, gücünü də artırıb: “Oğlumla qızlarımdan biri təhsil almaq məqsədilə Bakıya gəlmişdi. Ailəmiz iki yerə bölünmüşdü. Ona görə yaşayış yerimizi dəyişməli, biz də Bakıya köçməli olduq. Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmişdim. Yerdəyişmə müsabiqəsində Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbə yerləşdirildim”.
İkinci böyük sınaq: sertifikatlaşdırma
Müəllim kimi qazandığı uğura hər il daha bir uğur, daha böyük təcrübə qazandırıb ona. Amma sertifikatlaşdırma prosesindən uğurla çıxmasında ən böyük rol imtahanlara soyuqqanlı münasibəti olub: “Sertifikasiya olacağını eşidəndə heç narahat olmadım. Sadəcə köhnə biliklərimi aktivləşdirdim. Metodika yenilik sevir və bu istiqamətdə materiallar oxudum. Sertifikatlaşdırmada maksimum bal topladım. Həm imtahandan ən yüksək 60 bal, həm müsahibə mərhələsində mümkün olan ən yüksək 40 bal topladım. 100 balla bu prosesi uğurla başa vurdum”.
Əfsanə müəllimin nəticələri təəccüb doğurmayıb: “Əslində bu nəticə ilə mənə olan etimadı doğrultdum.Diaqnostik qiymətləndirmədə nəinki mənim hədəfim, işlədiyim məktəbin, məni tanıyanların da gözləntisi ən yüksək bal idi. Amma olmamışdı. Sertifikasiyada bu hədəfimə çatmalıydım, çatdım da”.
Bu hədəfinə sertifikasiyada nail olmasında diaqnostik qiymətləndirmədə yol verdiyi yanlışı nə qədər rol oynayıb: “Sertifikasiyaya hazırlaşarkən hansısa müəllimin, hər hansı kursun köməyindən istifadə etmədim. İxtisasımla bağlı da, metodikadan da özümə güvənirəm. Diaqnostik qiymətləndirmə zamanı tələsmişdim. Bu dəfə diqqətli oldum və imtahanı səhvsiz başa çatdırdım”.
Karyerada addım-addım
Əfsanə Hüseynova peşəsini sevən, sevdiyi üçün də öz üzərində işləyən bir müəllimdir. Təhsildə sözü edilən hər yeniliyi öncə araşdırıb, sonra tətbiq edib: “Hələ kurikulumun tətbiqinin ilk vaxtlarında - bəzilərinin “necə edəcəyik”, - deyib giley-güzar etdiyi vaxtda mən kurikulumu öyrəndim və tətbiq etdim. Hələ üstəlik, həmkarlarımdan köməyə ehtiyacı olanlara yeni təhsil proqramını anlamaqda yardım əli uzatdım. Öyrənməyi və öyrətməyi çox sevirəm. Hər hansı ideya varsa, təklif verilibsə, lazımi səviyyədə araşıdırıb effektivliyini, səmərəliliyini qiymətləndirirəm, sonra tətbiqinə başlayıram”.
“Özümü qiymətləndirən biriyəm” - deyən Əfsanə müəllim özünü qiymətləndirərkən liderlik bacarığını da unutmur. Özünü yaxşı idarə edir, kommunikasiya bacarıqları sayəsində başqaları ilə səmərəli əməkdaşlığın yollarını tapır. Bu bacarıqları yeni vəzifəsində də ona çox lazım olacaq. Deyir, bu bacarıqlarını qiymətləndirdiyi üçün direktor müavini müsabiqəsinə qatılıb və həm də sertifikatlaşdırma prosesinin nəticəsi olaraq karyera pilləsində bir addım irəliləyib. Artıq 2 aydır Masazır kənd 4 nömrəli tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır: “Sertifikasiyada uğurum karyerama da təsir göstərdi. Direktor müavini müsabiqəsinə qatıldım və Masazır kənd 4 nömrəli tam orta məktəbinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edildim. Fevral ayından bu vəzifəni icra edirəm”.
Vəzifəyə yeni təyinat alsa da, bu işin onun üçün yeni olmadığını deyir: “Ağstafada müəllim yoldaşlarıma, işim bu olmasa da, kömək edirdim. Eynallı kənd məktəbində hər hansı yeniliyi araşdırır, öyrənir, tətbiq edir və həmkarlarıma da yol göstərir, metodiki dəstək verirdim. Mehdiabadda işləyərkən də belə oldu. Bir sözlə, harada işləməyimdən asılı olmayaraq, idiyədək tədris prosesinə aid çətinliyi olan hər kəsə problemsiz kömək etmişəm. Artıq bu işi vəzifəm olaraq həyata keçirəcəyəm”.
Biliyini şagirdlərinə, təcrübəsini həmkarlarına ötürür
2 ildir Təhsil İnstitutunun təlimçisi olan Əfsanə Hüseynova deyir biliyini paylaşmağı, həmkarlarına da öyrətməyi hələ gəncliyindən çox sevir: “Sertifikasiyada ən yüksək nəticə göstərənlərdən olduğundan uğursuz nəticə göstərənlər üçün təşkil edilən təlimlərdə təlimçi olaraq yaxşı müəllim olmağın sirlərini paylaşıb: “60 nəfərə yaxın müdavimim vardı. Aralarında bir qisminin bilik və bacarıq səviyyəsi aşağı olsa da, əksəriyyətinin uğursuz nəticə göstərməsinə həyəcan və stress səbəb olub. Texniki problemlərlə qarşılaşıb, yaxud kompüterlə işləyə bilməyib deyə nəticəsi uğursuz olanlar da vardı”.
Ə.Hüseynova sertifikasiyada uğursuz olanlara ikinci şans verilməsini də alqışlayır: “Hesab edirəm düzgün verilmiş qərardır. Mən də müəllim kimi bu şansa görə Elm və Təhsil Nazirliyinə təşəkkür edirəm. Əminəm ki, həmkarlarım da bu şansı lazımınca dəyərləndirəcək və uğurlulardan olacaqlar”.
Ruhiyyə DAŞSALAHLI