Amerikalı qonaq ayrı-ayrılıqda həm rektorla, həm də tələbələrlə görüşdü
Monterey-Lənkəran Dostluq Assosasiyasının icraçı direktoru Nensi Selfric Lənkəran Dövlət Universitetində (LDU) olub.
Universitetin mətbuat xidmətindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, Nensi Selfric LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovla və universitetin tələbələri ilə görüşüb. Bu görüşlər Nensi Selfricin Lənkərana səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri Lənkəranla qardaşlaşıb. Şəhərlər arasında qardaşlaşma haqqında müvafiq razılaşma 2011-ci ilin iyun ayında, Lənkəran Şəhər İcra Hakimiyyəti nümayəndələrinin Kaliforniya ştatına işgüzar səfəri çərçivəsində imzalanıb.
Lənkəran Dövlət Universitetində professor Natiq İbrahimovla görüşdə ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətləri yüksək dəyərləndirilib. Rektor işgüzar əlaqələrin davamlı olmasının hər iki tərəf üçün faydasından danışıb. O, universitetdə son illərdə gedən təhsil islahatlarından, maddi–texniki bazanın dünya standartlarına uyğun şəkildə yeniləndiyindən söz açıb. Həyata keçirilən islahatlarla müasir tələblərə cavab verən, bazar rəqabətinə davam gətirən kadr hazırlığına nail olmaq istəklərini vurğulayıb. LDU ilə Kaliforniya şəhərlərindəki ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin yaradılmasının bu məqsədə gedən yolu qısaldacağına əminliyini ifadə edib. N.İbrahimovun fikrincə, müəllim-tələbə mübadiləsi iki universiteti yaxınlaşdırdığı qədər, iki şəhər arasında da dostluğu möhkəmləndirər.
LDU ilə tanışlıqdan, burada gördüklərindən məmnun qaldığını bildirən amerikalı qonaq öz tövsiyələrini də verib. Onun fikrincə, universitetdə təcrübi məşğələlərə geniş yer ayrılması, kadrların praktik hazırlığına böyük önəm verilməsı müsbət təcrübədir və bu davam etdirilməlidir.
Amerikalı qonaq LDU-da təhsil alan tələbələrlə də görüşüb. Qarşılıqlı dialoq və disskusiya şəraitində keçən görüşdə universitet rəhbərliyi iştirak etməyib.
Görüşdən sonra Nensi Selfric xoş təəssüratını LDU rəhbərliyi ilə bölüşüb. O, tələbələrin hazırlıq səviyyəsindən, müzakirə bacarıqlarından razı qaldığını deyib. Öz növbəsində professor Natiq İbrahimov da amerikalı qonağa LDU-ya gəldiyinə görə minnətdarlığını bildirib, ona xatirə hədiyyəsi təqdim edib.