Martın 6-da Azərbaycan Dillər Universiteti (ADU) və İndoneziyanın Malanq İslam Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Memorandum ADU-nun rektoru, akademik Kamal Abdulla və Malanq İslam Universitetinin rektoru, professor Haci Maskuri Bakri tərəfindən imzalanıb.
Anlaşma memorandumunda tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə elmi tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
İmzalanma mərasimindən öncə ADU-nun rektoru, akademik Kamal Abdulla Malanq İslam Universitetinin rektoru, professor H.Maskuri və universitet heyəti ilə görüşüb.
Rektor K.Abdulla ADU-nun ölkələrarası əlaqələrin qurulmasında böyük potensiala malik olduğunu qeyd edib. Universitetdə fəaliyyət göstərən beş fakültə ilə bağlı məlumat verən rektor burada tədris olunan dil və mədəniyyətlər haqqında danışıb. Müxtəlif xalq və dini konfensiya nümayəndələrinin məskunlaşdığı Azərbaycanın multikultural dəyərlərindən söz açan K.Abdulla universitetdə mövcud olan Multikulturalizm Elmi Tədqiqat Laboratoriyasının fəaliyyətindən danışıb. “Azərbaycan multikulturalizmi” fənninin bir çox xarici ölkələrin universitetlərində tədris olunduğunu vurğulayan rektor K.Abdulla ADU-nun Malanq İslam Universitetində də bu fənnin tədrisi ilə bağlı əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə iştirak edən İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fanani səmimi qəbula görə minnətdarlığını bildirib, İndoneziyadan gələn qonaqları təqdim edib.
Malanq İslam Universitetinin rektoru, professor H.Maskuri Azərbaycanın sürətlə inkişaf etdiyini və hər iki ölkənin dini dəyərlərinin oxşarlığı baxımından mənəvi yaxın olduğunu söyləyib. Rektor H.Maskuri rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. O, bildirib ki, universitetdə on üç mindən artıq tələbə heyəti var. Rektor xarici tələbələrin də təhsil aldığı universitetdəki on fakültənin fəaliyyətindən söz açıb, islami dəyərlərə, həmçinin multikultural amillərə də önəm verilməsindən bəhs edib.