Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyində "Son zəng" tədbiri keçirilib.
Tədbirdə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov məzunları və onların valideynlərini təbrik edib. Liseyin fəaliyyətindən söz açan prorektor bu illər ərzində qazanılan nailiyyətlərdən danışıb, lisey şagirdlərinin respublika və beynəlxalq olimpiadalarda, müxtəlif bilik və idman yarışlarında qazandıqları uğurlara toxunub.
Liseyin direktoru Arif Bağırov da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Bildirib ki, bu il liseyi 65 məzun bitirir. Onlardan 9-u medala, 9-u isə Fərqlənmə attestatına namizəddir. Həmçinin bu il "Sabahın alimləri" müsabiqəsində liseyin iki layihəsi I, bir layihəsi II, iki layihəsi III yerə layiq görülüb və bu nəticə ölkə üzrə birincidir. I yeri tutan iki layihə 4 şagirdlə ölkəmizi ABŞ-da keçirilən ISEF beynəlxalq müsabiqəsində təmsil edib. Liseyin şagirdləri Beynəlxalq “Kenquru” Riyaziyyat, Türkiyədə təşkil edilmiş Beynəlxalq Riyaziyyat, Lütfi-Zadə adına məntiq və Respublika fənn olimpiadalarında önəmli yerlər tutublar.
Liseyin məzunlarının sinif rəhbərləri Kifayət Şamilova, Samirə Babayeva, Mehparə İbadova, Yeganə Qarayeva və Məmməd Cabbarov çıxışlarında məzunları təbrik edib, onlara tezliklə tələbə adı qazanmağı və ölkəmizin adını daim ucaltmağı arzulayıblar.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.