“Peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə II Respublika çempionatı” başlayıb.
Müsabiqədə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Bakı Turizm Peşə Məktəbinin tələbə və təlim ustalarından ibarət 7 komanda iştirak edir.
5 gün davam edəcək yarışda gənc kulinarlar milli mətbəx nümunələri, şirniyyat hazırlanması və çay süfrəsinin tərtibi üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Qaliblərin mükafatlandırılması mərasimi oktyabrın 20-də - Beynəlxalq Kulinariya Günündə baş tutacaq. Qaliblər medal, sertifikat və kubokla təltif olunacaqlar.
Yarış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçirilir.