8 startapçı qaliblərin yarışacağı Milli Finala dəvət olunub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkəti ilə birgə həyata keçirdiyi “İdeyadan biznesə” layihəsi çərçivəsində Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində startap turları təşkil edilərək hər bir təhsil müəssisəsi üzrə qaliblər müəyyən olunub.
Oktyabrın 8-də isə "İdeyadan biznesə" layihəsi çərçivəsində Bakı ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandaların startap layihələri yarışıb. Yarışda Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edib.
Tələbələrdən ibarət 15 komandanın hər biri 3 dəqiqə ərzində öz layihəsini münsiflər heyəti qarşısında təqdim edib. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” kriteriləri üzrə qiymətləndiriblər.
Layihələrin təqdimatından sonra ən yaxşı startap komandası olan ali təhsil müəssisələrinin adları bəlli olub. Belə ki, Bakı Mühəndislik Universiteti I, ADA Universiteti II, Azərbaycan Texniki Universiteti isə III yerləri tutublar.
Ümumilikdə ali məktəblər üzrə 8 startapçı startap turlarının qaliblərinin yarışacağı Milli Finala dəvət olunub. Qeyd edək ki, Milli Final 26-30 oktyabr tarixlərində ilk dəfə olaraq Bakıda təşkil olunan “İnnovasiyalar həftəsi” çərçivəsində keçiriləcək.