Lənkəran Dövlət Universitetinin (LDU) tarix-cografiya və incəsənət fakültəsinin “Sosial is” ixtisası üzrə I tədris ili tələbəsi  Könül Süleymanova böyük idman uğurlarına imza atmaqda davam edir.

 

LDU-nun tələbəsi 2023-cü ilin  yanvarında İtaliyada kecirilən paralimpiyaçıların üzgüçülük üzrə dünya kubokunda uğurla yarışaraq 3-cü yeri qazanıb. K. Süleymanova  cari ilin 12 may tarixində Almaniyada kecirilən çempionatda  da inamla yarışaraq  idmanın bu növü üzrə böyük uğura imza atıb.  27 iyul-06 avqust 2023-cü il tarixində Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək dünya çempionatında iştirak  lisenziyasını da qazanıb.

 

Qeyd edək ki, K.Süleymanova 2004-cü ildə Füzuli rayonunda anadan olub. Hal-hazırda valideynləri ilə Bakıda yaşayan Könül 10 yaşından idmanın üzgüçülük növü ilə məşğuldur. İdmanın bu növü  üzrə  uşaqlar arasında 5 dəfə  Azərbaycan çempionu olub, bir neçə dəfə Avropa miqyaslı yarışlarda ölkəmizi uğurla təmsil edib, yüksək nəticələrə imza atıb.

 

K.Süleymanova hazırda LDU-da yay imtahanlarını uğurla verməkdədir. LDU-nun rektoru professor Natiq İbrahimov Könül və onun valideynləri ilə görüşüb, tələbə ilə qürur duyduğunu, bütün universitetin paralimpiyaçı tələbənin idman uğurlarına sevinərək onunla fəxr etdiyini, təhsil müddətində ona lazımi şəraitin yaradılacağını bildirib.