Nazir Fərid Qayıbov ADAU tələbələri ilə görüşüb


Gənclər və idman naziri Fərid Qayıbov “Gənclərlə dialoq platforması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) gənclərlə görüşüb.

 

Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov dəvəti qəbul edib tələbələrlə görüşə gəldiyi üçün nazirə minnətdarlığını bildirib və görüşün tələbələr üçün faydalı olacağına əminliyini vurğulayıb.   
 

Nazir Fərid Qayıbov görüşdə çıxış edərək gənclər və idman sahəsində görülən işlər, yeniliklər və hədəflər barədə məlumat verib.  Nazir gənclərin müxtəlif mövzular üzrə təklif və ideyaları ilə maraqlanıb, onlara müvafiq dəstəyin göstərilməsi üçün tapşırıqlar verib və tələbələrin suallarını cavablandırıb.
 

Görüşdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.