Mingəçevir Dövlət Universitetində (MDU) ˝Məzun Günü-2023˝ tədbiri keçirilib. Universitetin həyətində açıq havada təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Gənclər və İdman Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilatı, Mingəçevir şəhər təhsil sektoru və ümumi təhsil müəssisələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, əməkdaşları, tələbələr, magistrantlar və valideynlər iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan universitetin rektoru Şahin Bayramov məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, belə bir əlamətdar gündə MDU ailəsi üzvləri ilə bir arada olduqlarına görə gənclər və idman nazirinə, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısına və digər qonaqlara təşəkkürünü bildirib.
Cari ildə bakalavriat səviyyəsi üzrə 549 tələbə, magistratura səviyyəsi üzrə 50 magistrantın universitetdən məzun olduğunu diqqətə çatdıran rektor gənclərin həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş kimi Vətənimizin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verəcəklərinə inandığını söyləyib. Hazırda Azərbaycanın müstəqillik tarixinin ən qüdrətli dövrünü yaşadığını qeyd edən Ş.Bayramov ölkəmizin ərazi bütövlüyünün təmin edildiyi, işğaldan azad olunmuş doğma torpaqlarımızın sürətlə dirçəldiyi, bölgədə və dünyada nüfuzumuzun xeyli artdığı bir şəraitdə gənclər üçün daha böyük məsuliyyətin yarandığını, eyni zamanda daha geniş imkanların açıldığını vurğulayıb.
Məzunlara təbriklərini və xoş arzularını çatdıran gənclər və idman naziri Fərid Qayıbov böyük coşqu və bayram əhval- ruhiyyəsi ilə keçirilən “Məzun Günü”ndə iştirak etməkdən məmnunluğunu bildirib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətindən bəhs edən nazir deyib ki, hazırda cəmiyyətin aparıcı qüvvəsini təşkil edən və gələcəyin təminatçısı olan gənclərimizin hərtərəfli inkişafına yüksək diqqət və qayğı göstərilir. F.Qayıbov müasir gəncliyin bütün cəbhələrdə, yarışlarda və fəaliyyət sahələrində yüksək hazırlıq səviyyəsinə, mübarizliyə, əzmkarlığa və intellektə sahib olmasının qürurverici olduğunu söyləyib. Gənclərin universitetdən sonrakı dönəmdə də müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarının davamlı artırılmasının, cəmiyyətə fayda qazandıracaq könüllülük fəaliyyətlərində iştirakının əhəmiyyətini və sağlam həyat tərzinin önəmini vurğulayan nazir məzunlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov universitet həyatında önəmli hadisələrdən olan Məzun Günü münasibətilə MDU ailəsi üzvlərini təbrik edib. Ulu Öndər Heydər Əliyevin təhsilin inkişafına və yüksək ixtisaslı milli kadrların hazırlanmasına hər zaman yüksək diqqət və qayğı ilə yanaşdığını bildirən İ.İsmayılov hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirib ki, ölkə başçısının müvafiq tapşırıqları və dəstəyi sayəsində respublikanın dördüncü böyük sənaye şəhəri olan Mingəçevirdə təhsilin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığının artırılması və gənclərin hərtərəfli inkişafı üçün bütün imkanlar yaradılıb. MDU-nun respublikamızın dördüncü böyük sənaye şəhəri olan Mingəçevirdə yerləşən yeganə ali təhsil müəssisəsi olduğunu vurğulayan icra hakimiyyətinin başçısı son dövrdə bu universitetin modernləşmə istiqamətində atdığı mühüm addımların və əldə etdiyi çoxsaylı uğurların şəhər və ətraf rayonların ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib.
Sonra məzun valideynləri adından çıxış edən şəhid ailəsi üzvü Aygün Əhmədova övladının timsalında universitet təhsilini başa vuran bütün məzunları təbrik edib, onların bilik və bacarıqlara yiyələnmələrində və mütəxəssis kadrlar kimi yetişmələrində böyük əməyi olan müəllimlərə təşəkkürünü bildirib.
Açılış nitqlərindən sonra akademik göstəricilərinə və universitetin ictimai həyatında iştiraklarına görə fərqlənən məzunlar, eləcə də cari tədris ilində bu ali təhsil müəssisəsinin müasirləşməsi və inkişafında fəallıq göstərən bir qrup əməkdaş, xarici ölkələrdən olan qonaq alim və mütəxəssislər Fəxri fərmanlarla təltif edilib.
Tədbir bədii hissə ilə davam edib.