Bakı şəhəri Nərimanov rayonu Məktəb Lisey Kompleksini bitirən şagirdlərin ali məktəblərə qəbulda göstərdikləri nəticələr bir qayda olaraq ümumi respublika göstəricilərindən daha üstün olur. Bu, heç də təsadüfi deyil. Belə ki, bu məktəbi çox vaxt alimlər məktəbi adlandırırlar. Burada dərs deyən müəllimlərdən dördü Əməkdar müəllim adını, on biri isə müxtəlif fənlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. Təbii ki, bu fakt Kompleksdə dərs deyən müəllimlərin özlərinə qarşı necə məsuliyyətli və tələbkar olduğunu göstərir. Direktor Esmira Quliyevanın şəxsi nümunəsi və tələbkarlığı nəticəsində məktəbdə tez – tez fənn gecələri, maraqlı viktorinalar, bilik yarışları, müharibə veteranları ilə görüşlər keçirilir ki, bütün bunlar da həm şagirdlərdə hərbi vətənpərvərlik hisslərini gücləndirir, həm də onların bilik səviyyələrini daha da dərinləşdirir.

        

Bu günlərdə məktəbin dərs dediyim 7-ci L və 7-ci N sinifləri arasında tarix fənni üzrə daha bir bilik yarışı keçirilib. Yaşadığımız dövrün həssaslığı, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanmasında bu fənnin xüsusilə böyük və mühüm rol oynadığını nəzərə alaraq məktəbdə bu tipli tədbirlərə xüsusi önəm verilir. Xanım Cəbrayıllının, Nuray İsmayılovanın, Sona və Ayan Hüseynlilərin, İnci Məmmədlinin və Mədinə Səmədzadənin daxil olduqları 7-ci L sinfinin “Şirvan” komandası, Aylin Kərimovanın, Uğur İbrahimovun, Harun Mikayılovun, Aysel Salmanovanın, Cahan Verdiyevin və Fəxrim Sabirlinin daxil olduqları 7-ci N sinfinin “Muğan” komandasına qarşı çıxış ediblər. Bir-birlərinə il boyu keçdikləri mövzulardan çox maraqlı suallar verən hər iki sinfin şagirdləri gərgin yarışda qalib olmağa daha çox layiq olduqlarını sübut etməyə çalışıblar. Məktəbin direktoru Esmira Quliyevanın, rus bölməsi üzrə təlim – tərbiyə işləri üzrə direktor müavini Fərqanə Əliyevanın, tərbiyə işləri üzrə direktor müavini Gülşən Zeynalovanın, direktor müavinləri Gülər Rəsulova, Rəna Hüseynova və tarix üzrə fənn metod birləşməsinin sədri Könül Mehdiyevadan ibarət münsiflər heyətinin rəyinə görə 7 –ci L sinfinin “Şirvan” komandası daha yaxşı təsir bağışlayıb və qalib gəlib.

 

Qeyd etmək yerinə düşərdi ki, şagirdlərin bir – birlərinə sual verdikləri vaxt  arasında onların özlərinin pianoda, kanonda, tarda, gitarada ifa etdikləri müxtəlif musiqi nömrələri, rəqslər digər şagirdlər, eləcə də müəllim və valideynlər tərəfindən çox maraqla qarşılanıb və zalda gözəl ovqat yaradıb. Bu, bir daha sübut edir ki, şagirdlərimiz kifayət qədər istedadlıdırlar.

 

Sonda məktəb rəhbərliyi tərəfindən qaliblərə “Tərifnamə”lər verilib və bütün iştirakçılara gələcəkdə daha böyük uğurlar arzu edilib.

                                                                                    

İlqar Abdullayev,

Məktəb Lisey Kompleksinin tarix müəllimi, Əməkdar müəllim