Elə insanlar var ki, onların ömür yolu, həyat hekayələri  yalnız ailələri  üçün yox, gələcək nəsillər üçün əsl həyat məktəbidir.  Belə qəhrəmanların  ömür kitabı mütəmadi olaraq oxunmalı, vərəqlənməli, örnək götürülməli bir kitabdır. Xüsusi təyinatlı qüvvələrin giziri şəhid Rəşad Babayevin   ömür kitabı kimi...

 

Oğul düşmən çəpəridir, deyib atalar. Ürəyinin oduyla, gözünün nuruyla, min bir əzab-əziyyətlə böyüdür  oğlunu analar. Hələ körpəlikdən - oğlum böyüyüb əsgər olsun, torpağını, Vətənini qorusun - deyib əzizləyiblər. Oğul  böyüyəcək... əsgər olacaq, həm də qəhrəman əsgər... O oğullar  böyüdülər, əsgər oldular, torpaqlarını  gözbəbəyi kimi qorudular. Yalnız qorumaqla kifayətlənmədi, onu düşmən tapdağından xilas etdi və bu uğurda - Vətən yolunda canını fəda etdilər, şəhid oldular.

 

Axı Vətən darda, torpağımız işğalda idi. Vətən oğullarını səsləyirdi.  Vətən dardadır, südüm sənə halaldır - deyib, Vətənin azadlığı üçün od-alovun içinə, düşmənin başını əzməyə uğurladı analar övladlarını. Allaha əmanət ol, salamat qayıt, oğul, deyə  səsləndilər analar.

 

Oğullar  qayıtdı... Ancaq Vətənin rəmzi olan üçrəngli bayrağa bürünüb Vətən oğullarının çiynində qayıtdı... Ölümləri ilə  dünya boyda qürur gətirdilər həm ailələrinə, həm xalqımıza...  Allah əmanətinə sahib çıxdı,  igid oğulları  cənnətinə alıb, ən şərəfli adla ödülləndirdi - şəhid! Ana,  Sənin oğlun Vətən eşqilə alovlanan ürəyini Vətən torpağını qorumaq üçün sipər etdi. Bütün şəhidlər sinələrini düşmənə sipər etdikləri üçün hamısı sinəsindən - ürəyindən yaralandı, ancaq düşmən gülləsi bu ürəklərdəki atəşi söndürə bilmədi, onlar şəhid olub əbədiyyətə qovuşsalar da, ürəklərindəki atəş əbədi məşələ çevrilib nəsildən-nəsilə keçəcək, şəhidlərin adını Azərbaycan xalqının qan yaddaşına əbədi həkk etdi. Oğullar  Vətən uğrunda şəhid oldu - əbədiyyətə qovuşdu.

 

Qarabağda qanı ilə dastan yazan, “Torpaqlarımızı alıb qayıdacağam evə!” deyib əbədiyyətə qovuşan, qələbəni canı, qanı hesabına xalqımıza ərməğan edənlərdən biri də Rəşad  Ağabəy oğlu Babayevdir. Rəşad Babayev 1992-ci il iyunun 4-də Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri R.Orucova adına 109 nömrəli orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2006-cı ilə qədər həmin məktəbdə təhsil almışdır. 2006-cı ildə 277 nömrəli idman təmayüllü məktəbin 9-cu sinfinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. Həmin məktəbdə 8 yaşından cüdo idman növü ilə məşğul olmuşdur. Yüksək nəticələr əldə etmiş, 20-dən çox qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olmuşdur. 2017-ci ildə ailə həyatı qurmuşdur.

 

Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Müddətdən artıq hərbi xidmətdə olmuş, Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinə qəbul kurslarından keçmiş və xidmətini burada davam etdirməsi üçün seçilmişdir. 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. 25 iyul 2014-cü ildə “N” saylı hərbi hissədə kiçik gizir rütbəsində, 24 noyabr 2017-ci ildə  gizir rütbəsində xidmətini davam etdirmişdir. O, həmçinin xüsusi təyinatlı taborun xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı qrupunun snayperçisi, xüsusi təyinatlı manqa komandiri, xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət etmişdir.

 

Rəşad Babayev 2016-cı ildə Türkiyənin İzmir şəhərində  keçirilən “EFES-2016” beynəlxalq təlimlərinin fəal iştirakçısı olmuş, sertifikat ilə təltif olunmuşdur. 2017-ci il 30 apreldə “N” saylı hərbi hissənin yaranmasının 18-ci ildönümü münasibəti ilə döyüş hazırlığında yüksək nailiyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə hərbi hissənin komandiri tərəfindən fəxri fərman, 28 fevral 2020-ci ildə xidmətdə olduğu “N” saylı hərbi hissədə keçirilmiş cüdo, yunan-Roma və sərbəst güləş yarışında yüksək nəticələr əldə etdiyinə görə, 25-28 fevral 2020-ci il tarixlərində cüdo üzrə keçirilmiş yarışda 1-ci yerə layiq görülmüş və fəxri fərmanla təltif olunmuşdur. Rəşad Babayev “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmuşdur.

 

7 il Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən Rəşad Babayev vətənpərvərliyi ilə daim  fərqlənirdi. Canından belə çox sevdiyi Azərbaycanın Qarabağ dərdi onun qəlbinin ağrıdır, fikirlərini alt-üst edirdi.

 

Azərbaycan Ordusunun giziri olan Rəşad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Cəbrayılın, Füzulinin, və Xocavəndin yaşayış məntəqələrinin, habelə Murovdağ zirvəsinin və Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. Rəşad Babayev 10 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşad Babayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Döyüş yoldaşları onun döyüş xatirələrindən danışanda qürurla bunları söyləyirlər: “Rəşad çox qəhrəmancasına döyüşürdü. Düşməni məhv edərək yalnız irəliyə can atırdı. Döyüş zamanı bir əsgərin əlində açılan qumbaranı dərhal götürüb ermənilərə tərəf atıb və xeyli sayda  düşməni məhv edib”.

 

Şəhidlərimiz tarix salnaməsinə adlarını alovlu vətənpərvər, hünərli, humanist, böyük qəlbə malik qəhrəmanlar kimi    əbədi həkk etdirdilər. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.

 

Hər birinizi ehtiramla yad edirik, ey vətən aşiqləri, ruhunuzun qarşınızda  sonsuz minnətdarlıq hissi ilə baş əyirik. Azərbaycan adlı məmləkət  var olduqca, xalqımız yaşadıqca siz də yaşayacaqsınız, ey vətənin sinəsini öz tökülən qanları ilə  gülüstana çevirən şəhidlərimiz, siz unudulmayacaqsınız. Siz üçrəngli bayrağımızda, səslənən himnimizdə, döyünən qəlbimizdə, düşünən beynimizdə, keçmişimizdə, gələcəyimizdə, bütün  varlığımızdasınız. Sizdən sonra gələn nəsillərə həyat məktəbi, qəhrəmanlıq nümunəsi, igidlik örnəyisiniz, ey ölməz şəhidlərimiz! Siz ömür yollarımıza işıq tutan mayak, daim vətən göylərində nur saçan sönməz günəşsiniz. Şəhidlər ölməz, vətən bölünməz!

 

Günel MƏMMƏDOVA,

Bakı şəhəri 1 nömrəli İdman Liseyinin dil-ədəbiyyat müəllimi