İdman məktəbində uşaq və gənclərin fiziki tərbiyə məsələsi diqqət mərkəzində saxlanılır


Sağlam olmaq hər kəsin haqqıdır və hər kəs bunun üçün mübarizə aparır.  Hər bir insan istəyir ki, ideal bədən quruluşuna sahib olsun, düzgün qaməti ilə seçilsin və fərqlənsin. Mütəxəssislərin fikrincə idmanla məşğul olmaq qan-damar sisteminin inkişafı, ürəyin saglamlığı, əzələlərin inkişafı üçün olduqca vacibdir.  Bədən tərbiyəsi və idmanla məşğul olmaq  həm də əhvali-ruhiyyəni yüksəldir, xroniki xəstəliklərin qarşısını alır, sağlam hüceyrələrin yaranmasına şərait yaradır,  yuxusuzluğu və təngənəfəsliyi aradan qaldırır. Bütün bunlar isə birbaşa sağlam həyat tərzinin formalaşmasına  kömək edir.

 

İdmanla müntəzəm məşğul olanlar eyni zamanda ədalətli, səmimi, mehriban olur və bir çox hallarda məhz bu xüsusiyyətlərinə görə ətrafdakılar tərəfindən fərqlənir və rəğbətlə qarşılanırlar. Müşahidələr göstərir ki, peşəkar idmançılara cəmiyyətdə  hörmət  olduqca böyükdür. Onlar öz hərəkətləri, davranışları ilə yetişməkdə olan gənc nəsl üçün nümunə rolunu oynayırlar. Başqa bir tərəfdən isə idmançılar zərərli vərdişlərdən uzaq olur, tüfeyli həyat tərzi keçirmirlər. Bu da, əlbəttə ki, sağlam cəmiyyətin formalaşmasında əsas şərtlərdən biridir. Müxtəlif beynəlxalq miqyaslı yarışlarda fərqlənənlər nəinki ad-san, nüfuz qazanır, həm də təmsil etdikləri ölkəni dünyada tanıdırlar. Hazırda Azərbaycan dünyada özünün idman sahəsindəki uğurları ilə seçilən ölkələrdəndir. Müxtəlif idman sağlamlıq mərkəzlərində,  klublarında, cəmiyyətlərdə məşq edən idmançılar özlərinin sağlamlıqlarının qayğısına qalmaqla yanaşı, həm də gələcəkdə ən nüfuzlu turnirlərdə  bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər.

 

Bu gün ölkəmizdə gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi, vətənpərvərlik ruhunda yetişməsi dövlətin əsas prioritetlərindəndir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra idmana və bədən tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. İnsanların asudə vaxtının səmərəli təşkili, uşaq və gənclərin sağlam ruhda tərbiyə almaları üçün hər cür şərait yaradılıb. İdman və bədən tərbiyəsinin kütləviləşməsində  idman məktəblərinin  və idman klublarının, idman cəmiyyətlərinin rolunu xüsusi qeyd etmək lazımdır. Hazırda paytaxt Bakıda və bölgələrdə müxtəlif idman  məktəbləri var.  Həmin məktəblərdə  yüzlərlə uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. Maraqlıdır, bəs, görəsən, idman məktəblərində məşqçi-idmançı-valideyn münasibətləri necə qurulur?  Məşqçi müəllimlər gənclərin fiziki və mənəvi inkişafında idmanın və bədən tərbiyəsinin rolunu necə qiymətləndirirlər?  Bu suallara cavab tapmaq üçün “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya  Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində olduq.  Mütəxəssislərin və idmançıların fikirlərini öyrəndik.

 

“Təhsil və idmanın paralel şəkildə inkişaf etdirilməsi əsas şərtdir”

 

“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya  Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru,  2004 Afina Yay Olimiya Oyunlarının bürünc mükafatçısı,  “Tərəqqi” medallı, Əməkdar idman ustası, əməkdar məşqçi,  boks üzrə beynəlxalq dərəcəli hakim Fuad Aslanovun fikrincə, idmanla məşğul olmaq uşaqları təkcə fiziki cəhətdən deyil, həm əqli və mənəvi cəhətdən inkişaf etdirir: “Rəhbərlik etdiyim  idman məktəbi 1967-ci ildən fəaliyyət göstərir. Burada 15 idman növü üzrə 2000-ə yaxın idmançı məşğul olur. Bizimlə 80 məşqçi-müəllim çalışır. Onlardan 26 nəfəri əməkdar məşqçi-müəllimdir. Məlumat üçün bildirmək istərdim ki, məktəbimiz 2022-ci ilin dekabr ayında Gənclər və İdman Nazirliyinin  keçirdiyi müsabiqədə ölkə üzrə 97 idman məktəbi arasında I yerə layiq görüldü.  Mən də 14 il boks idman növü üzrə yarışmışam. 11 dəfə Azərbaycan çempionu, MDB ölkələrinin qalibi olmuşam. 2004-cü ildə Afina Yay Olimpiya Oyunlarından  Sumqayıt şəhərinə ilk olimpiya medalını mən gətirmişəm. “Tərəqqi” medalı ilə təltif olunmuşam. İdman məktəbi  fəaliyyətə başladığı gündən etibarən peşəkar səviyyəli idmançıların hazırlanmasını, gənclərin asudə vaxtlarının səmərəli keçirmələrini və onların fiziki cəhətdən sağlam olmalarını qarşıya əsas məqsəd qoyub. İdman ocağında dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında ölkəmizin idman şərəfini layiqincə qoruyan idmançılar yetişir. İdmanla məşğul olmaq hər şeydən əvvəl gənc nəsildə vətənpərvərlik hissini yüksəldir. Təcrübəli məşqçi-müəllim kimi deyərdim ki, idman hər bir gənc üçün vacib sayılan əsas sahələrdən biridir. İdmanla məşğul olanlar təkcə fiziki cəhətdən inkişaf etmirlər. Onlar eyni zamanda humanistliyi, ədaləti, əzmkarlığı öyrənirlər. Sevindirici haldır ki, bizim çəkdiyimiz əziyyətlər bəhrəsiz qalmır. Müxtəlif yarışlarda qazandığımız uğurlar bunu sübut edir.  Əsas amillərdən biri də məşqçi-idmançı münasibətlərinin elə ilk gündən düzgün tənzimlənməməsidir: “Məşqçi ilə idmançı arasında münasibətlər dost yox, ata-oğul münasibəti kimi olmalıdır. İdmançı məşqçisindən qorxmamalıdır, amma çəkinməlidir, hörmət etməlidir. Hörmət etməlidir ki, müəlliminə inansın və onun verdiyi tapşırığı dəqiq yerinə yetirsin. Əlbəttə ki, müəllim-idmançı münasibətinin düzgün qurulması xeyli dərəcədə məhz məşqçilərdən asılıdır. Məşqçi dərk etməlidir ki, zala ilk addımı atan uşaq gələcəyin dünya, Avropa çempionu ola bilər. Odur ki, məşqçi elə etməlidir ki, uşaq məşqçi-müəllimi sevsin. Məşq prosesində hər bir yeniyetməyə fərdi yanaşma olmalıdır. İdmanla məşğul olmaq hər şeydən əvvəl gənc nəsildə vətənpərvərlik hissini yüksəldir. Uşaq və gənclər peşəkar idmançı olmasalar belə, idmanla mütləq məşğul olmağı məsləhət görülür. Gənclərin vətənpərvərlik ruhunda böyümələri çox vacibdir. Bu baxımdan idmanın rolu danılmazdır. Fəxrlə deyə bilərəm ki, son illər uşaq və gənclərin idmana olan maraqları çox artıb. Bu, məni çox sevindirir. Bu günün idmançıları gələcəyin sərhəd keşikçiləri, ailə başçılarıdırlar. Biz çalışırıq ki, onları düzgün tərbiyə edək, onların hər birini layiqli vətəndaş, nümunəvi əsgər kimi yetişdirək. Rəhbərlik etdiyim idman məktəbində  uşaq və gənclərin fiziki tərbiyə məsələsi diqqət mərkəzində saxlanılır. Məqsədimiz ölkəmizin idman  sahəsini daha da inkişaf etdirmək və üçrəngli Dövlət Bayrağımızı həmişə nüfuzlu idman yarışlarında zirvələrə qaldırmaqdır.

 

Fuad müəllimin fikrincə, təhsil və idman mütləq paralel şəkildə aparılmalıdır: “Əsl insan kimi formalaşmaq üçün təhsil və idmanın paralel şəkildə inkişaf etdirilməsi əsas şərtdir. Bəzən valideyn və idmançılar elə bilirlər ki, yaxşı oxuyan uşaq mütləq idmandan, idmanla məşğul olan isə təhsildən yayınmalıdır. Bu, düzgün fikir deyil. Unutmaq olmaz ki, təhsil insanı əqli cəhətdən, idman isə fiziki cəhətdən inkişaf etdirir. İdmançı üçün yarışda qələbə qazandığı gün bayramdır. Ancaq etiraf etmək lazımdır ki, qızıl medala layiq görülmək heç də asan deyil. Bu, ciddi texniki-taktiki, fiziki hazırlıq tələb etməklə yanaşı, həm də özünəinam istəyir. Özünəinam hiss olmayan idmançı heç vaxt böyük qələbələr qazana bilməz.

Hazırlıq fiziki, texniki-taktiki və psixoloji olmaqla əsasən üç mərhələdən ibarətdir. Burada psixoloji hazırlıq faiz nisbətilə digərlərindən daha çox əhəmiyyətlidir. Çünki idmançıda inam olmasa o, nə fiziki gücünü, nə də texnikasını əminliklə tətbiq edə bilməz. Əsl məşqçi-müəllim həm də psixoloq olmalıdır. İstənilən insana, xüsusilə də yeniyetmələrə xoş sözlər deyəndə istər-istəməz onlarda özünəinam hissi yaranır. Məşqçilər bu “sirr”i bilməlidirlər. Məşqçi idmançının daxilindəki inam hissini üzə çıxarmalıdır, göstərməlidir ki, o, yetirməsinə inanır. Belə olan halda yeniyetmə və gənc düşünür ki, əgər müəllimim mənə inanırsa, mən həmin etimadı doğrultmalıyam. Nəticədə idmançı bütün qüvvəsi ilə mübarizə aparmağa başlayır və çox vaxt qalib gəlir.

 

Psixoloji amil idmanda vacibdir

 

“Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya  Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin boks bölməsinin müəllimi, Əməkdar məşqçi, “Tərəqqi” medallı  Elburus Rzayev: “Yeniyetmə və gənclərə boksun sirlərini öyrədirəm. Bu gün Azərbaycan ən nüfuzlu idman yarışlarına uğurla ev sahibliyi edir. Gənc idmançılarımız üçrəngli bayrağımızı ən yüksək zirvələrdə dalğalandırmaq üçün çox çalışmalıdırlar. Bizim vəzifəmiz isə onlara yol göstərmək, əlimizdən gəldiyi qədər kömək etməkdir. Müşahidəmə əsasən deyə bilərəm ki, idmana təzə başlayanlar adətən sağlamlıqlarının qayğısına qalırlar. Lakin bir neçə yarışda uğurla çıxış etdikdən sonra onlarda peşəkar idmana maraq yaranır. Ona görə də çalışırıq ki, yeni  gələnlərə ilk məşq günündən etibarən maksimum dərəcədə çox şey öyrədək. Şübhəsiz ki, hər bir zərbənin icrasını da birdən-birə öyrətmək mümkün deyil. Elə buna görə də yeniyetmə və gənclərimizə səbrli olmağı, məşqlərə məsuliyyətlə yanaşmağı və həvəsdən düşməməyi arzu edirəm. Təbii ki, idmançı karyerası ərzində daim qələbə qazana bilməz. Əsl idmançı odur ki, məğlubiyyətə görə həvəsdən düşüb təslim olmasın. Psixoloji amil idmanda mühüm şərtdir. Bu amil nəinki idmanda, şəxsi həyatda da kömək olur. Bəzən yarışda elə olur ki, görüşün ilk dəqiqələri rəqibin üstünlüyü ilə keçir. Amma məğlub tərəf inadla müqavimət göstərir və sonda elə bir zərbə endirir ki, nəticə məğlub tərəfin xeyrinə dəyişir. Bax, belə xarakterli idmançılardan olmaq lazımdır. Düşünürəm ki, məşqçi idmançının xarakterinin formalaşmasında əsas simadır”.

 

Vətənpərvərlik elə bir hissdir ki, insanın ən çətin anında onun köməyinə gəlir, məğlub olmağına icazə vermir. Məhz vətənpərvər insanlar böyük mübarizələrdə bayrağı dalğalandırmaq, himni səsləndirmək naminə sona qədər əzmkarlıqla mübarizə aparırlar.

Sözsüz ki, bu, idmanda da belədir. Əməkdar məşqçi də bu fikirdədir. Onun sözlərinə görə, vətənpərvərlik hissi idmançıya lazım olan ən əsas keyfiyyətlərdəndir. “Şübhəsiz ki, yerinə yetirdiyimiz işin uğurlu alınması üçün hər birimiz vətənpərvər olmalıyıq. Vətənpərvərlik hissi insanda ən kiçik yaşlarından formalaşdırılmalıdır. Təsadüfi deyil ki, müntəzəm olaraq tələbələrimə milli qəhrəmanlarımız haqqında danışır, onlara bayraq, gerb, himn barəsində suallar verirəm. Bu, kiçikyaşlı idmançılarda vətənpərvərlik hissinin aşılanmasının ən yaxşı yoludur. Ancaq, böyüklər həm də öz hərəkətləri ilə uşaqlara, yeniyetmələrə nümunə olmalıdırlar. Əgər idmançıda vətənpərvərlik hissi varsa, o ən yüksək zirvələri də fəth edə bilər. Vətən sevgisi hər şeyə qadirdir”.

 

İdman həyatımın bir parçasıdır

 

2015-ci ildə Bakı şəhərində keçirilən  I Avropa Oyunlarının  və  həmin il Doha şəhərində  Dünya Çempionatının qalibi, idman məktəbinin yetirməsi  Elvin Məmişzadə: “Boks bölməsinin müəllimi, Əməkdar məşqçi Elburus Rzayevin yetirməsiyəm.  İdmanı çox sevirəm, idman həyatımın bir parçasıdır. Düşünürəm ki, əgər böyük uğur qazanmaq istəyirsənsə, idmanı sevmək, hətta ona bağlanmaq lazımdır. Məhz bu bağlılıq ən çətin anlarda insanı idmandan uzaqlaşmağa qoymur”.

 

Göründüyü kimi, mütəxəssislər və idmançılar da təsdiq edirlər ki, idmanla məşğul olmaq hər bir yeniyetmə və gənc üçün çox vacibdir. İdman və bədən tərbiyəsi insanda həm də yüksək dəyərlər formalaşdırır, onu əzmkar şəxs kimi yetişdirir. Odur ki, həvəskar şəkildə olsa da idman məşqlərində iştirak etmək hər birimiz üçün əsas prioritetlərdən olmalıdır. Bunun üçün ölkəmizdə kifayət qədər infrastruktur var.  Yaradılan şərait imkan verir ki, hər bir insan arzu etdiyi idman növü ilə məşğul olsun, onun sirlərinə dərindən yiyələnsin.

 

Rəşad ZİYADOV