Lənkəran Dövlət Universitetində (LDU) “18 may - 18 iyun İnsan hüquqları aylığı” çərçivəsində müəllim və tələbələr üçün növbəti maarifləndirici seminar keçirilib.

 

Seminarı giriş sözü ilə açan LDU-nun sosial məsələlər üzrə prorektoru professor Kamran Kazımov tədbirin məqsədi, əhəmiyyəti barədə geniş məlumat verib, Birləşmiş Millətlər Təşkilatının 30 maddədən ibarət qəbul etdiyi İnsan Hüquqları haqqında Bəyannamə, ölkəmizdə bu sahədə görülən işlər, aparılan islahatlardan ətraflı bəhs edib. K.Kazımov Ermənistanın Azərbaycana 30 ilə yaxın davam edən təcavüzündən, mənfur qonşularımız tərəfindən vətəndaşlarımızın hüquqlarının pozulmasından danışıb, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuzun, qəhrəman oğullarımızın qanı, canı bahasına vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa olunduğunu qeyd edib.

 

Tədbirdə LDU-nun hüquqşünası Çingiz Cavadov məruzə ilə çıxış edib. Məruzəçı Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq qanunvericilikdə insan hüquqları haqqında olan maddələri ətraflı şərh edib, sosial şəbəkələrdə, mediada insan hüquqlarının təbliğ edilməsinin, gənc nəsildə hüquqi düşüncə və mədəniyyətin inkişaf etdirilməsinin vacibliyini bildirib, həmçinin, LDU-da bu istiqamətdə aparılan işlər haqqında iştirakçıları ətraflı məlumatlandırıb. Məruzədə qeyd olunub ki, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatlar insanlarda hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verməkdədir.

 

Məruzə ətrafında təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov çıxış edib. Bildirib ki, ölkəmizdə “İnsan hüquqları aylığı”nın elan edilməsinin əsas məqsədi insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, əhalini hüquqi maarifləndirməkdir.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.