Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib.

 

Hibrid formada təşkil edilən “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər.

 

Cari tədris ilinin yaz imtahan sessiyasının iyunun 3-dən uğurla başladığını qeyd edən Ş.Bayramov imtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib, bu işin təşkilində əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib, tələbə və magistrantlara imtahanlarda uğurlar arzulayıb.

 

Görüşdə tələbə və magistrantlar çıxış edərək imtahanların təşkilindən razılıqlarını bildirib, biliyin düzgün qiymətləndirilməsinə, müəllimlərin obyektiv yanaşmasına və yaradılan şəraitə görə universitet rəhbərliyinə, professor-müəllim heyəti üzvlərinə minnətdarlıqlarını ifadə ediblər.

 

Qeyd edək ki, MDU-da cari ilin 3 iyun tarixində başlayan yaz imtahan sessiyası çərçivəsində hər həftə “Açıq qapı” günü təşkil ediləcək.