Naxçıvan Müəllimlər İnstitutunda “Təsviri incəsənət müəllimliyi” ixtisasının IV kurs tələbəsi Fuad Əhmədovun “Təbiətin rəngli melodiyası” adlı fərdi rəsm sərgisi təşkil olunub.

     

Sərgini giriş sözü ilə açan rektor Azad Novruzov institutda  “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdən danışıb. O,  ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dönəmində elm və təhsilə xüsusi diqqət yetirilib, gənclərin peşəkar inkişafı həmişə diqqətdə saxlanılıb.

 

Həmin siyasətin  bu gündə uğurla davam etdirildiyini deyən rektor bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunun “Təsviri incəsənət müəllimliyi” ixtisasında oxuyan tələbələrin peşəkar inkişafı üçün hər cür şərait yaradılıb. Onların  mütəmadi sərgilərinin keçirilməsi, yaradıcılıq fəaliyyətlərinin işıqlandırılması istiqamətində daim iş aparılır:”Bu gün istedadlı tələbələrimizdən biri Fuad Əhmədovun fərdi sərgisinin keçirilməsi bunun bariz nümunəsidir”.  

 

İnstitutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Həbibə Allahverdiyeva, təbiət və incənət fakültəsinin dekanı Rövşən Vəliyev, Azərbaycan  Respublikasının Əməkdar rəssamı Telman Abdinov çıxış edərək gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin öyrədilməsi üçün hərtərəfli şərait, tələbələrin yaradıcılıq imkanlarının artırılması, o cümlədən istedadlı tələbələrdən biri olan F.Əhmədovun çəkdiyi rəsmlər, onların janrları haqqında məlumat veriblər.

 

Müəllif F.Əhmədov sərgisinin təşkili üçün institut rəhbərliyinə, tədbirdə iştirak edən qonaqlara minnətdarlığını bildirib.

 

Sonda sərgiyə baxış keçirilib.