Ağdamda elmi-praktiki konfrans keçirilib
Mingəçevir Dövlət Universiteti (MDU) və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-praktiki konfrans keçirilib. Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon ictimaiyyətinin nümayəndələri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İcra Hakimiyyətinin aparat nümayəndələri, MDU-nun bir qrup professor-müəllimi iştirak edib.
Konfransın açılışında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və MDU-nun rektoru Şahin Bayramov Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət olmasından, bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən bəhs edərək konfransın işinə uğurlar arzulayıblar.
Açılış nitqlərindən sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun əməkdaşlarından Mirzə Cavadov “Heydər Əliyev – Milli Xilaskar, Milli Lider”, Asim Məmmədov “Müasir Azərbaycan dövlətinin memarı və qurucusu”, Rahilə Məmmədova “Milli-mənəvi dəyərlərimizin qoruyucusu” və Günel Yunusova “Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzularında məruzə ilə çıxış ediblər.
Təqdim olunan məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.