Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu (ETİ) arasında bağlanmış saziş çərçivəsində Botanika İnstitutunun əməkdaşları Meyvəçilik və Çayçılıq ETİ-də ekspedisiyada olublar.

 

Botanika İnstitutunun Eksperimantal botanika şöbəsinin əməkdaşları Rəna Qəniyeva, Gülnar Sultanova, Sevil Dadaşova və Gulnarə Babayevanın iştirakı ilə həyata keçirilən ekspedisiyanın məqsədi müxtəlif bitki növlərində xəstəlik və virusların qarşısının alınmasında antibiotiklərin və antioksidantların tətbiqi istiqamətində birgə tədqiqat işlərinin aparılması olub. Alimlər Meyvəçilik və Çayçılıq ETİ-də fəaliyyət göstərən Mikroklonal çoxaltma laboratoriyası, istixana kompleksi, Molekulyar biologiya laboratoriyasında müvafiq cihaz və qurğular, onların iş prinsipi, yeni metod və üsullarla tanış olub, təcrübə sahələrində yetişdirilən gavalı, albalı və alma ağaclarını müşahidə ediblər.

 

İnstitutun elmi işlər üzrə direktor müavini Sevil Süleymanova  ilə görüş zamanı qarşılıqlı təcrübə və əməkdaşlıq perspektivləri müzakirə olunub.