Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Tarixi İpək Yolu üzərində Azərbaycan-Çin mədəni əlaqələri” adlı onlayn yay lektoriyası fəaliyyətə başlayıb.
İlk mühazirə ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Şamaxı, Şabran, Bakı, Gəncə, Beyləqan, Qəbələ və Azərbaycanın Böyük İpək Yolu boyunca yerləşən digər şəhərlərində aparılan arxeoloji qazıntılar zamanı nümunələri tapılan Çin seladon qablarından danışıb.
Qeyd edilib ki, qədim Çinin dekorativ-tətbiqi sənətinin bu unikal məhsullarının istehsalı mərkəzi Çjetszyan əyalətinin Lonquan rayonu olub. Seladon güldanlar və qablar ilk dəfə olaraq Han sülaləsi dövründə meydana gəlmiş, Sun və Min dövründə isə bu tip keramika qabların klassik nümunələri geniş yayılmışdır.
Həmçinin qeyd olunub ki, unikal bişirmə texnikasına malik olan, xüsusi növ açıq mavi və açıq yaşıl şirlə örtülmüş Çin seladon məmulatları dünyada UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş yeganə keramika növüdür. Bu cür şir rəngləri Çinin mənəvi mədəniyyətində xüsusi yeri olan mineral – nefrit ilə əlaqələndirilirdi. Bildirilib ki, Çin dekorunun xrizantema, pion, lotus şəklində olan sevimli bitki ornamentləri ilə bəzədilmiş seladon qablar, həmçinin əjdaha və çiçək şəklində olan buxur yandırıcıları sərvət və qüdrət rəmzi hesab edilmiş, İslam ölkələri və Qafqazda geniş yayılmışdır ki, bu da tarixi Azərbaycan-Çin mədəni əlaqələrinin sübutudur.