Almaniyanın Fridrix-Aleksandr Erlangen-Nürnberq Universitetinin və Qazaxstanın Qazax Milli Pedaqoji Universitetinin hər birindən doqquz nəfərlik nümayəndə heyəti 31 may - 7 iyun tarixlərində Bakıda, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səfərdədir.
Qeyd edək ki, 2021-2023-cü illəri əhatə edən “Pedaqoji peşəkarlıq və beynəlmiləlləşmə - Postsovet İslam Təhsil Məkanı ilə Dialoq” adlı layihə dövründə ADPU-nun da bir qrup əməkdaşı iki dəfə Almaniyada və bir dəfə Qazaxstanda səfərdə olublar. Səfər çərçivəsində müxtəlif seminarlar və təlimlərin keçirilməsi, ADPU-nun artıq iki ildir əməkdaşlıq etdiyi ABC Azərbaycan Britaniya Kolleci məktəb-lisey kompleksinə və ADPU-nun Quba filialına səfərlər nəzərdə tutulub.
Səfərin birinci günü ADPU-nun filologiya fakültəsinin “Filoloji linqvistika” auditoriyasında Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva və baş müəllim Jalə Səmədovanın təlimləri keçirilib. Qonaqlar ADPU-nun Kitabxana-İnformasiya Mərkəzi, buradakı kitab fondu və yaradılan xidmət səviyyəsi ilə tanış olublar.
Daha sonra xarici qonaqlar, o cümlədən filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, müdir müavini, baş müəllim Günay Alıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, pedaqoji təcrübə rəhbəri Qəmərxanım Qəribova, layihənin ADPU tərəfdən üzvləri Mirvari Qasımova, Aytən İbrahimova və tələbələrlə birgə məktəbi ziyarət ediblər.
ABC Azərbaycan Britaniya Kollecinin baş meneceri Alekper Alekperov qonaqları məktəbin fəaliyyəti ilə tanış edib. Məktəbin tarix müəllimi Nailə Şamilova və Azərbaycan dili müəllimi Xədicə Babayeva ADPU-nun burada pedaqoji təcrübə keçən tələbələri ilə birgə hazırladıqları təqdimatı qonaqlara təqdim edib. Sonda layihə rəhbəri professor Anatoli Rakoşkin məktəb heyətinə öz təşəkkürünü bildirib və baş menecer Alekper Alekperova hədiyyələr və “Təşəkkürnamə” təqdim edib.
Səfərin ikinci günündə alman və qazax nümayəndə heyətləri Quba filialına səfər ediblər.
Filialın direktoru dosent Yusif Alıyev qonaqları ADPU-nun Quba filialında görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin professor-müəllim heyəti və tələbələrin həyatında xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Filialın ingilis dili müəllimi Elmira Əliyevanın rəhbərliyi ilə tələbələrin hazırladığı kompozisiyalar qonaqlara təqdim edilib.
Quba filialının İT Departamentinin müdir müavini Hikmət Musayevin müşayiəti ilə qonaqlar Quba rayon Tarix-Diyarşunaslıq Muzeyi və “40 pilləkən” kompleksini ziyarət ediblər.
Qeyd edək ki, 5-6 iyun tarixlərində layihə çərçivəsində “Çoxdillilik, beynəlmiləlləşmə, rəqəmsallaşma müəllim hazırlığında innovativ amillər kimi” adlı konfransın keçirilməsi nəzərdə tutulub.