Səidə Bağışova: “Bu dəfə məqsədim 60 bal toplamaq idi və buna nail oldum”


2023-cü ildə 35 minə yaxın müəllim sertifikasiya imtahanına cəlb ediləcək. Bu il sertifikasiya ötən il prosesə cəlb edilməyən ibtidai sinif müəllimləri, Azərbaycan dili və ədəbiyyat müəlimləri üçün keçirilir. Xatırladaq ki, 2022-ci ilin yayından təhsilverənlərin sertifikasiyası prosesinə başlanılıb. İlkin mərhələdə ibtidai sinif müəllimlərinin böyük bir hissəsi sertifikatlaşdırılıb. Ötən ilin avqustunda imtahan verərək ən yüksək nəticə qazanan Səidə Bağışova bu həyəcanı indi yaşayan müəllimlər üçün uğur hekayəsini “Azərbaycan müəllimi” qəzetinə danışdı.

 

“Müəllim ailəsində bir müəllim də doğuldu”

 

Qəhrəmanım 1982-ci ildə Qusarın Urva kəndində müəllim ailəsində anadan olub. Atası riyaziyyat, anası ibtidai sinif müəllimi idi: “Uşaqlar oyuncaqla, biz dəftər-kitab içində böyümüşük. Hər halda ailəmizdə müəllimlər olduğu üçün idi”.

 

Bu da nəticəsi. Ailədə müəllim ola, uşaqlardan heç biri bu peşəyə yiyələnməyə? O da anasının yolu ilə davam edib: “Ailəmin imkanları məhdud olduğundan mən ali təhsil ala bilmədim. IX sinfi bitirəndə atam dedi ki, özümü sınayım. Bu sınaqdan uğurla çıxdım və indiki Azərbaycan Dövlət Pedaqoji Kollecinə qəbul olundum”.

 

Universitet təhsili ala bilməmək, deyəsən, onun ürəyində bir iz buraxıb. Hər halda buna görədir ki, özü haqqında danışmağa məhz buradan başladı. Amma reallaşmayan xəyalı bir bu da deyil. Xəyallarında özünü jurnalist görərək böyüyüb: “Əslində, müəllim yox, jurnalist olmaq istəyirdim. Ancaq qardaşım da oxuyurdu, ailəmin ikimizi birdən oxutdurmağa maddi gücü çatmayacaqdı. Ona görə də elə texnikum təhsili ilə kifayətlənməli oldum”.

 

2001-ci ildə o təhsilini bitirəndə M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu Nazirlər Kabinetinin 1999-cu ildə verdiyi bir qərarla “kollec” olmuşdu. O da kollec məzunu olaraq ümumi orta təhsil aldığı məktəbdə müəllimlik fəaliyyətinə başlayıb: “Kollecdə ibtidai sinif müəllimi və ləzgi dili ixtisasları üzrə təhsil aldım. Ləzgi dili ana dilimdir. Bu ixtisasa da yiyələndim, amma ilk gündən ibtidai sinif müəllimi kimi işə başladım və artıq 21 ildir Urva kənd tam orta məktəbində ibtidai sinif müəllimiyəm”.

 

20 ildən bəri eyni, yəni oxuduğu məktəbdə çalışan Səidə müəllim tutduğu balaca əlləri bərk-bərk sıxıb, sevib, əzizləyib. Əlində böyüyən o əllərin necə böyük işlər gördüyünü, uğurlar qazandığını gördükcə qürurlanıb: “Şagirdlərim arasında əl qabiliyyəti olan uşaqlar xüsusilə çox olub. Çox gözəl şəkillər çəkirlər”.

 

Uğurunda payı olduğunu düşündüyü uşaqlar gözləri önündə böyüdü. Onların qazandıqları nailiyyətləri görmək onu sevindirdikcə bu peşəyə yiyələndiyi üçün özünü xoşbəxt hiss edib: “Balaca uşaqlarla işləmək çox gözəl hissdir. Hələ onlara özümü sevdirə bildiyim üçün bu xoşbəxtliyim 2-yə qatlanır”.

 

Sevdi ki, sevildi. Sevildikcə təhsildə bünövrəsini qoyduğu nəslin təməlini daha sağlam atmaq səylərini artırdı: “Öz üzərimdə daim işləyirəm. Həmişə dərslərimə yenilik gətirməyə çalışmışam. Kiminsə bilik və bacarığımı yoxlayıb-yoxlamayacağından asılı olmayaraq, daim axtarışlarda olan müəllimlərdənəm. Həmişə kurslarda, təlimlərdə  iştirak edirəm”.

 

“Məqsədim 60 bal toplamaq idi”

 

Daim öz üzərində işləməyinin bəhrəsini diaqnostik qiymətləndirmələrdə alıb. Müəllimlikdə ilk  sınağından uğurla çıxıb: “İlk dəfə diaqnostik qiymətləndirmədə iştirak etdim. Özü də hazırlaşmadan getmişdim. Amma bu  sınaqdan uğurla çıxaraq 51 bal topladım. Amma elə onda da daha yüksək nəticə göstərə bilərdim. İmtahan vaxtı bitmədən çıxdım, cavablarıma yenidən baxmadım. Sonra tələsdiyimə peşman oldum. Çünki suallara yenidən baxsam, cavablarımdakı səhvi görəcəkdim”.

 

Sonrakı peşmançılıq bəlkə diaqnostik qiymətləndirmələrdə faydasız olub, amma sertifikatlaşdırma prosesində onu bir addım qabağa salıb. Bu dəfə tələsməyib, nə soruşulduğundan əmin olmadan cavablarını təsdiqləməyib: “Sertifikasiyada da 50 baldan yuxarı nəticə qazanacağıma inanırdım. Təbii ki, bu dəfə məqsədim 60 bal toplamaq idi və mən buna nail oldum”.

 

“Stimullaşdırıcı tədbirlər olacağını eşidəndə həvəsləndim”

 

Sertifikatlaşdırma prosesinə hazırlaşmaq isə heç də asan başa gəlməyib: “Urvaya internet cəmi 3 aydır çəkilib. Mən hazırlaşanda kənddə internet olmaması bir yana, mobil telefonların interneti də tutmurdu. Kənd elə yerdə yerləşir ki, mobil telefonla problemsiz danışmaq mümkün deyil, dalğa tez-tez itir. İndi şəhərdə - rayon mərkəzində olduğum üçün sizinlə rahat danışa bilirəm. Bu problemin öhdəsindən gəlmək üçün ölkəmizdə fəaliyyət göstərən bütün mobil operatorlardan nömrə almışdım, amma heç birinin interneti tutmurdu. Pəncərəmizdə dalğanın tutduğu bir nöqtə tapmışdım, mismar çalıb telefonu ordan asmışdım ki, “Youtube”-dan dərsləri izləyə bilim. Hər dəfə bunun üçün pəncərəyə çıxırdım”.

 

Müəllimlik fəaliyyətində iştirak etdiyi ilk qiymətləndirmə diaqnostik qiymətləndirmə idi, ikinci isə sertifikasiya oldu. Hər ikisindən də uğurla çıxdı. Bunun ən böyük səbəbi də özünü sınamaqdan qorxmaması idi: “Daim işimdə mənə lazım olan yeniliklərlə tanış oluram və dərhal tətbiq etməyə çalışıram. Köhnənin dəyişməsi, yeninin tətbiq edilməsi məni heç vaxt qorxutmayıb. Müşahidə edirdim ki, bəzi həmkarlarımı köhnə, alışdıqlarının dəyişməsi qorxudur,  ənənəvilikdən yeniliyə keçidi narazılıqla qarşılayırlar. Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi xəbərləri məni nəinki narahat etdi, əksinə sevindirdi. Xüsusən, imtahan nəticələrindən asılı olaraq, stimullaşdırıcı tədbirlər olacağını eşidəndə həvəsləndim, maaşlarımızın yüksələcəyini bilmək motivasiya oldu. Burada artan pulun məbləğindən çox, fərq qoyulması həvəsləndirir məni. İnsan çox çalışır, öz üzərində işləyir, dərsini necə maraqlı edəcəyi barədə gecə-gündüz düşünür, yeniliklər gətirir, amma başqalarından fərqi olmadığını görüb həvəsdən düşür. Amma fərqlənmə hissi, xüsusən baldan asılı olaraq, artımın da çoxalması stimullaşdırır”.

 

Müəllimlikdə bütün məqsədlərinə nail olan Səidə müəllim gələn il IV buraxılışını yola salacaq. Bu illərdə peşəsi ilə bağlı çox şey öyrənib. Sinifdə öhdəsindən gəlməkdə çətinlik çəkdiyi şeylər çox olmayıb: “Ən çox xoşuma gələn azyaşlı uşaqlarla işləməkdir. Müəllimlik çox çətin peşədir. Bir sinifdə 25-30 şagird var. Təsəvvür edin, hər biri bir ailəni təmsil edir. Hər biri ayrı-ayrı psixologiyaya malikdir, xarakterləri fərqlidir. Üstəgəl, onların valideynləri də var. Hər kəslə dil tapmalıyam və tapıram. Bu, məndə çox gözəl alınır. Uşaqların sevgisini qazanıram və bunu hiss etdikcə peşəmə bağlılığım, hörmətim daha da artır”.

 

“Uzun, keşməkeşli bir yolda...”

 

Səidə müəllim gələn il IV buraxılışı ilə vidalaşacaq. 4 il gününün çoxunu bir yerdə keçirdiyi, əlindən tutub oyunlar oynadığı, hərf öyrətdiyi, toplayıb-çıxmağı başa saldığı uşaqlarla vidalaşacaq. Həm kövrələcək, həm qürurlanacaq, sonra dönüb arxasına baxacaq. Orada onu gözləyən yenə bir cüt balaca əl olduğunu görəcək və bu dəfə o əlləri ovucunda isidəcək, gözlərində böyüdəcək. Bir gün onlardan da ayrılacağını bilə-bilə...

 

Səidə müəllim həm də anadır, ailədə də 2 övlad böyüdüb. Sadəcə övlad yox, vətənə əsgər, gələcəyə ana yetişdirib. Səidə ana vətənə bir oğul böyüdüb ki... Hazırda Ordu sıralarında olan oğlu Aleks xüsusi təyinatlı qüvvələrdə xidmət edir. Qızı Aysu isə rəssamlığın xəyalını qurub, Rəssamlıq Akademiyasına hazırlaşır.

 

Bir sözlə, Səidə müəllim məktəbdə şəxsiyyət, ailədə övlad yetişdirib vətəninə faydalı işlərlə məşğuldur. Qarşısında isə  uzun bir yol var, müəllimlik kimi çətin, keşməkeşli, amma sevgi, qürur dolu bir yol.

 

Ruhiyyə DAŞSALAHLI