Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının gənc tədqiqatçısı Günel Əliyeva İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda ənənəvi təşkil olunan “Nanoscience and Nanotechnology 2023” konfransında iştirak edib.

 

G.Əliyeva konfransda “Qeyri-kovalent qarşılıqlı təsirlərə əsaslanan Şiff əsasları ilə qrafen oksid nanolaylarının səthi funksionallaşdırılması” (“Surface functionalization of graphene oxide nanolayers with Schiff bases based on non-covalent interactions”) adlı məruzə ilə çıxış edib.

 

Məruzəyə təqdim edilən tədqiqat işində qrafen oksidin sintezi və müasir fiziki-kimyəvi tədqiqat üsulları vasitəsilə tədqiqi haqqında məlumat verilib. Son beş ildə kimyəvi tədqiqatların yeni sahəsi olan supramolekulyar quruluşların hədəfli dərman çatdırılmasında tətbiqindən bəhs edən G.Əliyeva bir neçə hissənin assosiasiyasından (kovalent və ya olmayan) əmələ gələn mürəkkəb strukturlara və bu yüksək mürəkkəbliyin nəticəsi olan yeni kimyəvi xüsusiyyətlərə diqqət çəkib.

 

Məruzədən sonra yeni strukturların ekoloji problemlərin həllində tətbiqi və bu istiqamətdə əməkdaşlığın yaradılması haqqında müzakirələr aparılıb.