Bakı şəhərində “ELSA Azərbaycan”ın VII Milli Şura Toplantısı keçirilib. Toplantıda Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti iştirak edib. Şuraya təklif olunan əsas məsələlər sırasında ELSA-nın Naxçıvan nümayəndəliyinin yaradılması, onun potensial İdarə Heyətinin təsdiq edilməsi olub. Şuranın yekdil qərarı ilə “ELSA Naxçıvan” yaradılaraq, Milli İdarə Heyətinin təklifi ilə “ELSA Naxçıvan”ın Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasının 8 tələbəsindən ibarət İdarə Heyəti təsdiq olunub.
Qeyd edək ki, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA – the European Law Students’ Association) dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. ELSA Avropanın 42 ölkəsinin 210 universitetindən olan 35000-dən çox hüquqşünas tələbəni və gənc hüquqşunası özündə birləşdirir. Təşkilatın yaradılmasında və hal-hazırkı fəaliyyətində əsas məqsəd Avropanın müxtəlif ölkələrindən olan gəncləri eyni təşkilatda birləşdirməklə, onlar arasında mənəvi-əxlaqi inteqrasiyaya, elmi biliklərin paylaşılmasına nail olmaqdan, beynəlxalq konfranslar, təlimlər, səhnələşdirilmiş məhkəmə proseslərinin keçirilməsi yolu ilə hüquqşünas tələbələrin nəzəri biliklərinin praktiki tətbiqinə şərait yaratmaqdan ibarətdir.