Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağı bu gün işğaldan azad olunmuş Şuşada dalğalanır
Hər bir xalqın həyatında yaşanan tarixi zəfərin, baş verən əlamətdar ictimai-siyasi hadisənin öz təvəllüd zamanı mövcuddur və dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan proseslər təqvimdə hər zaman qürurla əbədiləşir. 28 may kimi...
XX əsrin əvvəlləri Azərbaycan xalqının ürəyində müstəqillik arzusunun ilk baş qaldırdığı mürəkkəb bir dövr idi. Rusiya imperiyasının caynağından qopmaq istəyi böyük fədakarlıq, davamlı mübarizə, cəsur ürək istəyirdi. Siyasi meydanda Azərbaycanı güclü və yırtıcı imperiyanın itaətindən çıxarmaq istəyən işıqlı, fədakar, döyüşkən ziyalılar yetərincə idi. Məhz onların mübarizəsi nəticəsində Azərbaycan 1918-ci ildə öz müstəqilliyini qazana bildi. Bu şərəfli səhifənin başqa bir adı Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasının yaradılması hadisəsi idi.
Həqiqətən də xalqın hər bir fərdinə yaşadılan şərəfli, qürurlu o gün Azərbaycan üçün böyük tarixi əhəmiyyət daşıyan fövqəladə bir hadisə oldu. Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası “İstiqlal Bəyannaməsi”ni imzaladı, Azərbaycanın müstəqilliyi dünyaya bəyan edildi. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti formalaşdı; dövlət atributları təsis olundu; sərhədləri müəyyənləşdirildi; dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi; Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı.
Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Milli universitet yaradıldı. Azərbaycan vətəndaşlığı təsbit olundu. Milli ordu quruldu və bu ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etdi. Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Təəssüf ki, çətinliklə qazanılan bu azadlıq cəmi 23 ay sürdü. Azərbaycan yenidən Rusiya imperiyasının təsiri altına düşdü, beləliklə, 70 il bu imperiyanın boyunduruğu altında yaşamağa məcbur qaldı. Amma tarix xalqımıza öz müstəqilliyini bir daha qazanmaq fürsəti də tanıdı. Bu tarix isə 1991-ci ilin oktyabrı oldu. XX əsrin sonundakı mübariz nəsil sələflərinin ideallarını başa çatdıraraq azadlıq təməlinin üzərinə yenidən müstəqillik daşları düzdü...
Fəqət yenə də azadlığın yolunda maneələr, sərt tikanlar peyda oldu, təkrar istila yelləri əsməyə başladı. Azərbaycan arzuolunmaz bir xaosa sürüklənirdi; Ciddi hakimiyyət böhranı ilə idarəolunmaz bir vəziyyətə salınmışdı. Belə şəraitdə ölkəni asan parçalamaq, Azərbaycan xalqına təkrar acılar yaşatmaq niyyəti güdülürdü. Amma mümkün olmadı. Çünki 1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsinə qarşı duracaq tək bir fenomen var idi - Heydər Əliyev! Böyük siyasi xadim Heydər Əliyevin hakimiyyətə dəvət olunması ilə Azərbaycanın müstəqilliyi bu dəfə daha möhkəm və daha etibarlı zəmin üzərinə qoyuldu.
1993-cü ildə müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başladı. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etdi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması kimi titanik layihələri səmərəli şəkildə həyata keçirdi.
Ermənistan-Azərbaycan arasında müvəqqəti atəşkəs rejimi nəticəsində ölkədə daxili sabitliyə nail olundu; dövlətçiliyimiz möhkəmləndirildi; hərbi sənayemiz quruldu; siyasi, iqtisadi, hüquqi və s. sahələrdə əsaslı islahatlar aparıldı.
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi”- sözləri ilə Heydər Əliyev sübut etdi ki, o, bunu doğru qərarları, siyasi gücü, dərin zəkası, güclü idarəçi keyfiyyətləri sayəsində çox gözəl bacardı.
O gündən bu günə ölkəmizin müstəqilliyi ciddi şəkildə qorunur, Azərbaycan heç bir ölkənin təsir dairəsində olmadan siyasət yürüdərək, öz inkişafı istiqamətində uğurlu addımlar atır və üçrəngli bayrağı bir daha enməyə qoymur! Əksinə, milli kimliyimizi, dini etiqadımızı, Avropa dəyərlərinə sadiqliyimizi öz rənglərində parlaq ifadə edən bu müqəddəs bayraq işğaldan azad olunan ərazilərimizdə də artıq qürurla dalğalandırılır. Çünki bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır, onun işğaldan azad olunmuş Şuşada dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə dövlətçilik əmanətidir.
Dövlət başçısı İlham Əliyev Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olan çağdaş Azərbaycanı dünyanın güclü ölkəsinə çevirdi. Onu mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanıtdı. Sələflərinin görmək istədiyi bir Azərbaycan yaratdı və dövlətçilik ənənələrinə hər zaman sadiqlik nümayiş etdirdi. 2007-ci ildə Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin rəsmi açılışını etdi. Xalq Cümhuriyyətinin 90, həmçinin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzaladı. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olundu.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olundu, bununla da 28 May- Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu bir daha göstərdi.
Müasir müstəqil, güclü Azərbaycan Xalq Cümhuriyyətini yaradan böyük insanların gerçəkləşən xəyallarıdır. Bu gerçəklik heç zaman dəyişməyəcək. Azərbaycanın müstəqilliyi əbədi, dönməz, sarsılmaz qalacaq!!!
Vəfa ALLAHVERDİYEVA