Naxçıvan Dövlət Universitetində (NDU) 28 May - Müstəqillik Günü qeyd olunub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi. E.İsayev Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün özünün ən qüdrətli dövrünü yaşayan, bölgədə söz, dünyada nüfuz sahibinə çevrilən gənc dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrini, müstəqillik, suverenlik, demokratik ideallarını və prinsiplərini layiqincə davam etdirdiyini xüsusi vurğulayıb.
Tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov Müstəqillik Günü haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 105 il ötür:”Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi olub. 1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığını elan edib.
Sonra tarix-filologiya fakültəsinin “Tarix” ixtisası üzrə I kurs tələbəsi Əziz Qasımovun çıxışı dinlənilib.
Sonda tədbirin bədii hissəsində müəllim və tələbələrin ifasında Üzeyir Hacıbəyovun “Koroğlu” operasından “Uvertüra”, Süleyman Ələsgərovun “Xəyala dalarkən”, “Daimi hərəkət”, Emin Sabitoğlunun “Sən olmuşam”, “Gözümdə leysan”, Cavanşir Quliyevin “Bura Vətəndir”, Tofiq Quliyevin “Naxçıvani” mahnıları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Səbinə Elxanqızı,
NDU-nun “Jurnalistika” ixtisası üzrə I kurs tələbəsi