Bakı Mühəndislik Universitetində (BMU) 28 May-Müstəqillik Günü münasibətilə “Yurdum, yuvam, məskənimsən!” adlı bayram tədbiri təşkil edilib.
BMU-nun rektoru professor Havar Məmmədov müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına böyük təsir edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixinə və 23 ay mövcud olmuş Cümhuriyyətin gördüyü böyük işlərə diqqət çəkib.
Dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ilk illərdə yaşanan siyasi prosesləri nəzərə çatdıran rektor Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasında və əbədiləşdirilməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Ümummilli Liderin dövlətçilik, güclü Azərbaycan konsepsiyasını layiqincə gerçəkləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi ilə Vətənimizin bütün sahələrdə uğurlara imza atdığını, ərazi bütövlüyümüzün təmin olunduğunu bildirən H.Məmmədov ölkəmizin Müstəqillik Gününü qalib və qürurlu xalq kimi qeyd etdiyini deyib.
Sonra universitetin sosial-ictimai həyatında fərqlənən tələbələrin mükafatlandırılma mərasimi keçirilib. Tələbələrə Fəxri fərman və hədiyyələr təqdim edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bayram tədbiri BMU tələbələrinin ifasında bədii hissə ilə davam edib.