Naxçıvan Müəllimlər İnstitutunda 28 May-Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
Naxçıvan Müəllimlər İnstitutunda 28 May-Dövlət Müstəqilliyi Günü münasibətilə “And yerim-Azərbaycan” adlı tədbir keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. 90-cı illərdə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
Tədbirdə humanitar və ictimai fənlər kafedrasının müəllimi Qorxmaz Hacızadə “Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda çıxış edib. Çıxışda vurğulanıb ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan, dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Sonda tələbələrin iştirakı ilə hazırlanan bədii hissəyə və tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.