Müasir təhsildə STEAM metodlarının tətbiqininin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Naxçıvan Dövlət Universitetində (NDU) Elektronika və STEAM mərkəzi yaradılıb.

 

Ali təhsil ocağının rektoru Elbrus İsayev memarlıq və mühəndislik fakültəsində mərkəzin açılışında iştirak edib. Bildirib ki, Elektronika və STEAM mərkəzinin yaradılması elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin əyani təzahürüdür. Vurğulanıb ki, yeni peşələr innovativ bacarıqlar tələb etdiyi üçün onlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris prosesinə innovativ düşüncənin inteqrasiyasına, məhz STEAM birbaşa təsir imkanına malikdir. Yeni yaradılan mərkəzin nəzəri və praktik cəhətdən əhəmiyyətli olduğuna diqqət çəkən E.İsayev qeyd edib ki, mərkəz universitetdə texnopark üçün birbaşa kadr hazırlığıdır. Burada “İnformasiya texnologiyaları”, “Komputer mühəndisliyi”, “Elektrik və elektronika”, “Elektroenergetika”, “Proseslərin avtomatlaşdırılması” ixtisaslarında oxuyan tələbələr öz biliklərini tətbiq edəcəklər. Rektor müəllim və tələbələri mərkəzin fəaliyyətindən yararlanıb innovativ layihələrlə müsabiqə və yarışlarda iştirak etməyə çağırıb.

 

Fakültənin dekanı professor Cavanşir Zeynalov qeyd edib ki, Elektronika və STEAM mərkəzi yeni avadanlıq və qurğularla təmin olunub, bu sahədə müxtəlif nəşrlər hazırlanıb. Fakültədə sərgilər keçirilib, tələbələr bir çox yarışlarda, o cümlədən ölkə və beynəlxalq səviyyəli müsabiqələrdə iştirak ediblər. Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “STEAM Azərbaycan Festivalı - 2022”, “ROBOTEX Türkiyə ”və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edən NDU tələbələri uğurlu nəticələr əldə ediblər. Vurğulanıb ki, mərkəz zəruri avadanlıqlarla –3D printer, CNC-lazer, tədris əsaslı robotlar və elektron komponentlər, emalatxana və tədris ləvazimatları, 1 ədəd Smart monitor və kompüterlə təmin olunub.

 

Professor, həmçinin nəzərə çatdırıb ki, STEAM dərslərinin tədrisində “3D çap”, “Microbit və arduino ilə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Robototexnika”, “Tədris dronları” mövzuları tədris olunacaq. Tələbələr bu mərkəzdə həm biliklərini zənginləşdirəcək, həm də öz ideyaları ilə texnoloji layihələr reallaşdıra biləcəklər. Onlar elmi araşdırmalar aparacaq, prototiplər yaradacaq, robot modelləri quracaq, nəticədə sənayeyə hazır məhsul təklif edə biləcəklər. 

 

Sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Memarlıq və elektronika” adlı sərgiyə baxış olub. Tələbələrin 30-a yaxın kompozisiya, bərpa işi, yeni layihələr, kənd memarlığı, şəhərsalma, ilk dəfə olaraq 3D qrafikadan hazırlanmış memarlıq layihələri sərgidə nümayiş etdirilib.