Bu semestr universitetdə 481 tələbə təcrübə keçəcək
Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov ilk öncə müəllim günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Nazir Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün də ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Qeyd edilib ki, tələbələrin mükəmməl pedaqoji təcrübə keçmələri üçün orta ümumtəhsil məktəbərində hər cür şərait yaradılıb, qabaqcıl pedaqoqlar bu işə cəlb olunub. Nazir bildirib ki, məhz həmin təhsil strategiyasının nəticəsi kimi son illər Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin binaları yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub, lazımi avadanlıqlarla təchiz olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib.
Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər və qarşıda duran vəzifələr barədə çıxış edən Tədris və tərbiyə işləri üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirib ki, universitetin qiyabi şöbəsində 7 şəhər, 4 rayon məktəbi olmaqla, 6 ixtisas üzrə cəmi 99 tələbə artıq pedaqoji təcrübəyə başlayıb. Əyani şöbədə isə ümumilikdə 6 fakültə, 16 ixtisas üzrə 382 tələbə muxtar respublikanın 15 şəhər, Babək rayonunun Kərimbəyli, Şıxmahmud kənd tam orta məktəbində də pedaqoji təcrübədə olacaqlar. Prorektor IV kursların yeddi həftə ərzində pedaqoji təcrübə keçəcəkləri, kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda Bolonya sisteminə uyğun olaraq 100 ballıq şkala ilə qiymətləndirilmə aparılacaq.