AKİ-də kimya və kimya mühəndisliyi üzrə ixtisaslaşmış fakültə və kafedra rəhbərləri ilə görüş keçirilib
Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda (AKİ) dövlət universitetlərinin kimya və kimya mühəndisliyi üzrə ixtisaslaşmış fakültə və kafedra rəhbərləri ilə “Kimya elminin perspektiv istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakı Dövlət, Bakı Mühəndislik, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Tibb, Azərbaycan Dövlət Pedaqoji, Sumqayıt Dövlət, Azərbaycan Texniki unversitetlərinin nümayəndələri iştirak ediblər.
İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, belə bir görüşün keçirilməsində əsas məqsəd elmlə təhsilin inteqrasiyasının daha da gücləndirilməsi üçün kimya və kimya mühəndisliyinin prioritet istiqamətləri üzrə mövcud əlaqələrin daha da genişləndirilməsi, müştərək fundamental-tətbiqi elmi tədqiqatların aparılması, kadr hazırlığı, elmi-pedaqoji fəaliyyət, birgə elmi rəhbərlik, təcrübə mübadiləsi, birgə elmi seminarların təşkili və s. istiqamətlərdə əməkdaşlıq məsələlərini qarşılıqlı müzakirə etmək, yaxın gələcək üçün yol xəritəsinin müəyyənləşdirilməsindən ibarətdir.
Rəhbərlik etdiyi elmi müəssisəsnin fəaliyyət istiqamətləri, əldə etdiyi elmi nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verən V.Fərzəliyev qeyd edib ki, indiyə qədər BDU, ATU, BMU ilə müştərək olaraq zərif üzvi sintezin və kompüter modelləşməsinin imkanlarından istifadə etməklə yüksək təsirə malik fizioloji fəal birləşmələrin, o cümlədən, dərman maddələrinin, müxtəlif təyinatlı üzvi reagentlərin və kompozision materialların məqsədli sintezi, funksional təsir mexanizminin öyrənilməsi istiqamətində aparılmış müfəssəl tədqiqatların nəticələri dünyanın nüfuzlu jurnallarında dərc olunub. O, hazırda AKİ-də BDU-nun baza kafedrasının fəaliyyət göstərdiyini, orada tələbə və magistrantların elmi-istehsalat təcrübəsi keçdiklərini, laboratoriyalarda tədqiqat işləri ilə məşğul olduqlarını vurğulayıb.
Akademikin sözlərinə görə, ayrı-ayrı universitetlərin kimya ixtisası üzrə tələbə və magistrləri fərdi və qrup halında AKİ-nin müasir cihaz və avadanlıqlarla təchiz edilmiş laboratoriyalarında təcrübə keçib, diplom və kurs işlərinin təcrübi hissələrini yerinə yetirib, AKİ ilə BDU-nun kimya fakultəsi arasında müştərək elmi əməkdaşlıq çərçivəsində 2023-2024-cü tədris ili üzrə keçiriləcək birgə elmi seminarların planı təsdiq edilib, bu ilin sentyabr ayından başlayaraq qarşılıqlı formada aparıcı alimlərin təqdimatında elmi seminarlar təşkil olunacaq.
Daha sonra BDU-nun üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov bu görüşün aktuallığından, ölkəmizdə mövcud elmi məktəblərin daha da inkişaf etdirilməsi yollarından, eləcə də kadr hazırlığı, birgə tədqiqat mərkəzləri yaratmaq, laboratoriyaların müasir cihaz və reaktivlə təchiz məsələsi, problemlər və onların həlli yolları ilə əlaqədar təkliflərini səsləndirib.
BDU-nun kimya fakültəsinin dekanı dosent Fuad Kərimli universitetin AKİ ilə əlaqələrindən, kimya elminin perspektiv istiqamətlərindən, qarşıda duran prioritet məsələlərdən danışıb.
Azərbaycan Tibb Universitetinin ümumi və toksikoloji kimya kafedrasının müdiri Eldar Qarayev universitetdə apardıqları elmi-tədqiqat işlərindən və bu işlərin aparılmasında kompüter texnologiyasından istifadə olunaraq dərman dizaynı, biokimya sahəsində qazanılan uğurlardan bəhs edib, bu istiqamətlərdə birgə əməkdaşlığın mümkünlüyünü diqqətə çatdırıb.
Digər tədbir iştirakçıları da qarşılıqlı əlaqələrin əhəmiyyətindən, gələcəkdə əməkdaşlığın genişləndirilməsi yollarından, kimya sahəsində olan problemlərdən danışıb və təkliflər irəli sürüblər.