Azərbaycan Texnologiya Universiteti (UTECA) və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

 

Universitetin rektoru dosent Yaşar Ömərov giriş nitqi ilə çıxış edib, universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb.

 

Sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının müdiri Elməddin Qurbanov, Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzinin müdir müavini Toğrul Yusifli çıxış edərək işə götürənlərə və iş axtaranlara uğurlar arzulayıblar.

 

Rəsmi hissədən sonra UTECA-da bu il məzun olacaq 660 tələbə və magistr, eləcə də ötən illərin məzunları işəgötürənlərin stendlərinə yaxınlaşaraq vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər. İşaxtaranlara CV formalarını həm də onlayn təqdim etmək üçün internetə çıxış təmin edilib.

 

“Azəralüminium”, “AzerGold”, “Azərsun” Holdinq, Qəbələ Konserv zavodu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, KOBİA, Şəmkir Aqroparkı kimi dövlət və özəl müəssisələri, Paşa Bank, Kapital Bank, Bank of Baku və.s  banklar yarmarkada işəgötürənlər qismində təmsil olunub.

 

Ümumilikdə əmək yarmarkasında 40-dan çox müəssisə tərəfindən 400-dən artıq vakansiya təqdim edilib. Tədbir universitet tarixində miqyasına görə ən böyük məzun yarmarkası kimi qeydə alınıb.