Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Bakıda “Baku Marriott Boulevard Hotel”də “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forum keçirilib.

 

Naxçıvan Dövlət Universitetinin Keyfiyyətin Təminatı  Bölməsinin müdiri Sevinc Kərimova və Kadr və ümumi işlər şöbəsinin müdiri Elşən Məmmədovun iştirak etdiyi forumda ali təhsil müəssisələrinin beynəlxalq reytinqinin yüksəldilməsi, təhsilin təcrübi biliklər əsasında tədris olunması, həmçinin beynəlxalq ali təhsil sistemində kadr məsələləri, kargüzarlıq işinin təşkili, eləcə də əmək bazarına nəzarət barədə məruzələr olub.

 

İki gün davam edən forumun ilk günündə ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara uyğun təşkil edilməsi, təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə dair müzakirələr olub.

 

Forumda xarici keyfiyyət təminatı, ali təhsil məkanında yeni tədris metodları, beynəlxalq reytinq sistemi və ən əsası əməkdaşlıq məsələləri barədə ekspertlərlə birgə təcrübə mübadiləsi aparılıb.

 

Forumun ikinci günü isə ali təhsil müəssisələrində strateji inkişaf planlarının hazırlanması, təhsil müəssisələrindəki agentliklərin fəaliyyyət planının tərtibi məsələləri beynəlxalq ekspertlərin iştirakı ilə debat formasında həll edilib.

 

Qeyd edək ki, forumun məqsədi daxili və xarici keyfiyyət təminatı, tədris müəssisələrinin kadr potensialının artırılması, əmək bazarı ilə əlaqələndirilməsi və s. mühüm məsələlərə dair təhlillərin aparılmasıdır.