Elm və Təhsil Nazirliyinin  Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) 20 nömrəli məktəb-liseylə əməkdaşlıq çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Astronomiya dünən, bu gün və sabah" mövzusunda elmi sessiya keçirilib. Tədbirdə Rəsədxana kollektivi ilə yanaşı, məktəb liseyin rəhbərliyi və müəllim heyəti də iştirak edib.

 

Tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov  və 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva görkəmli siyasi xadim Heydər Əliyevin elm və təhsil sahəsindəki uğurlu fəaliyyətindən, unudulmaz xidmətlərindən bəhs ediblər. 

 

Elmi sessiyada ŞAR-ın astronomiya elmləri doktoru Zahir Səmədov, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm,  dosent Həmayil Adıgözəlzadə, ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aynurə Həsənova, kiçik elmi işçilər Samirə Rəhimli və Nurlan Şərəfxanov “Neytron ulduzlar”, “Nəsirəddin Tusi və Marağa rəsədxanası”, “Dünyada tanınmış ən məhşur teleskoplar və onların iş prinsipləri”, “Ulduzların təkamül mərhələləri”, “Qalaktikalar haqqında ümumi məlumat”, “Sinqulyarlıq” mövzuları üzrə məruzə ilə çıxış ediblər.

 

Çıxışlar ətrafında müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Elmi sessiyanın sonunda 20 nömrəli məktəb-liseyin rəhbərliyinə və təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən Kiçik Akademiyanın müəllim heyətinə elm və təhsilin inteqrasiyasına göstərdikləri dəstəyə görə "Təşəkkürnamə"lər təqdim olunub.

 

Sonda ŞAR-ın muzeyinə və 2 metrlik teleskop binasına ekskursiya təşkil edilib.