Bəşəriyyətin üzləşdiyi ən qlobal problemlərdən biri də yol hərəkəti təhlükəsizliyi ilə bağlıdır. Təsadüfi deyil ki, hər il dünyada istər sürücülərin, istərsə də piyadaların səhlənkarlığı, məsuliyyətsizliyi və məlumatsızlığı nəticəsində milyonlarla insan yol qəzasında həyatını itirir. Bu problem illərdir ki, beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasını minimuma endirmək məqsədilə beynəlxalq təşkilatlar müxtəlif layihələr həyata keçirir. 2011-ci ildə BMT 2020-ci ilədək 50 milyon insan həyatını xilas etmək məqsədilə Yol Hərəkəti Təhlükəsizliyi üzrə Onillik Fəaliyyət proqramını elan etdi və Beynəlxalq Avtomobil Federasiyası öz növbəsində Onillik Fəaliyyətə dəstək olaraq bütün dünyada Yol Hərəkəti Təhlükəsizliyi naminə Fəaliyyət layihəsinə start verdi.

 

Bəs, yol hərəkəti təhlükəsizliyini təmin etmək, insan həyatını xilas etmək üçün hansı tədbirlər görülməlidir?

 

Dünyanın bir sıra inkişaf etmiş ölkələrində bu sahədə həyata keçirilən müxtəlif qabaqlayıcı tədbirlər göstərir ki, yol-nəqliyyat hadisələrinin qarşısının xeyli alınması mümkündür. Bunun üçün beynəlxalq təcrübədə yollarda təhlükəsizliyi təmin etmək üçün müxtəlif tədbirlər, layihələr  həyata keçirilir, mexanizmlər işlənib hazırlanır. Beynəlxalq təşkilatların apardığı statistik təhlillər göstərir ki, təhlükəsizliklə bağlı qaydalara riayət olunan ölkələrdə vəziyyət məsələyə laqeyd yanaşan, maarifləndirmə işləri aparmayan ölkələrlə müqayisədə daha yaxşıdır. 

 

Yol hərəkəti təhlükəsizliyi prioritet məsələlərdəndir

 

Ölkəmizdə də bu sahə xüsusi diqqət mərkəzindədir. Belə ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində dövlət proqramları həyata keçirilir, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Nəzərə çatdıraq ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında müvafiq sərəncamı bu sahədə atılan mühüm və məqsədyönlü addımlardan biridir. Dövlət Proqramının əsas məqsədlərindən biri də yol hərəkətinin təhlükəsizliyi sahəsində müasir innovativ metodların tətbiq edilməsi, bu sahədə maarifləndirmə, təbliğat və təşviqat işinin təkmilləşdirilməsi, gücləndirilməsi, cəmiyyətdə yol hərəkəti və nəqliyyatdan istifadə mədəniyyətinin formalaşdırılmasından ibarətdir. Onu da qeyd edək ki, yol-nəqliyyat hadisələrində ölüm sayının, sağlamlığa zərər vurulan şəxslərin, yol-nəqliyyat qəzalarının ümumi sayının, eyni zamanda hadisələr zamanı uşaq ölümü hallarının 50 faiz azaldılması əvvəlki  illərlə müqayisədə Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2023-cü ilin sonunadək aşağıdakı hədəflərə çatmaq üçün nəzərdə tutulub.

 

Elm və Təhsil Nazirliyi bu sahədə müvafiq qurumlarla əməkdaşlıq edir

 

Cəmiyyətdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlərin aparılması, hələ erkən yaşlarda uşaqlarda yol hərəkəti ilə bağlı məlumatlılığın artırılması, onlarda vərdişlərin formalaşması əsas amillərdən biri hesab olunur. Bütün bunlar nəzərə alınaraq Elm və Təhsil Nazirliyi mütəmadi olaraq məktəbəqədər təhsil, ümumitəhsil, orta ixtisas və ali təhsil, eyni zamanda məktəbdənkənar təhsil müəssisələrində təbliğat-təşviqat işlərinin həyata keçirilməsini  əsas hədəflərdən biri kimi hesab edir. Hökumətin bu istiqamətdə tələblərini yerinə yetirmək, eyni zamanda bu hədəflərə çatmaq məqsədilə Elm və Təhsil Nazirliyi bir çox qurumlarla - əsasən də,  Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Federasiyası, Bakı Nəqliyyat Agentliyi, media qurumları və bir çox təşkilatlarla əməkdaşlıq edir. Müvafiq qurumlarla aparılan səmərəli işlər öz müsbət nəticəsini verməkdədir.

 

“Yol hərəkəti qaydaları uşaqların gözü ilə”

 

Yol hərəkətinin təhlükəsizliyi mövzusunda görülən işlərdən biri də Uşaq və yeniyetmələr arasında “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinin təşkil olunmasıdır. Qeyd edək ki, müsabiqə ümumrespublika üzrə keçirilir. Müsabiqə uşaq və yeniyetmələr arasında yol hərəkəti qaydaları ilə bağlı bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkətinin təhlükəsizliyi haqqında məlumatlılığın artırılması, ətraf mühitin avtomobillərin zərərli təsirlərindən qorunması, eləcə də yollarda uşaq travmatizminin minimuma endirilməsi işində ictimai həmrəyliyin təmin olunması məqsədilə keçirilir.

 

Onu da qeyd edək ki, yol hərəkəti təhlükəsizliyi tədris proqramlarında və dərsliklərdə də öz əksini tapıb. Xüsusilə ibtidai siniflərdə “Həyat bilgisi” dərsliyində yol hərəkəti təhlükəsizliyi ilə bağlı ilkin biliklər şagirdlərdə bu vərdişlərin formalaşmasına hesablanıb. Orta ümumitəhsil məktəblərində keçirilən dərnək və məşğələlərdə də bu məsələyə xüsusi diqqət göstərilir.

 

Niyazi RƏHİMOV