Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev və rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyada səfərdədir.
Səfər çərçivəsində Kənd Təsərrüfatı Araşdırma Mərkəzində olan nümayəndə heyəti Avstriyanın ən qabaqcıl təhsil və araşdırma mərkəzlərindən Avstriya Federal Tədqiqatlar Mərkəzini, Raumber-Gumpensteində mövcud olan tədris və araşdırma mərkəzlərini, açıq hava laboratoriyalarını gəzib, mərkəzin fəaliyyəti haqqında məlumatlandırılıb. Qeyd edilib ki, 76 ildir fəaliyyət göstərən mərkəz dünyada kənd təsərrüfatı sahəsində elmi tədqiqat və praktikanı özündə birləşdirən bənzərsiz institutlardan biridir. Hal-hazırda mərkəzdə kənd təsərrüfatı sahəsində innovasiyalarla bağlı 97 araşdırma layihəsi və Avropa Birliyinin maliyyələşdirdiyi 11 layihə icra edilir.
Rektor və rəhbərlik etdiyi nümayəndə heyəti tədqiqat mərkəzinin mineral və üzvi gübrələrin yem bitkilərinin böyümə və inkişafına təsirini öyrənən təcrübə sahələri ilə də tanış olublar. Bundan başqa, quraqlığın, temperatur və CO2 qazının artmasının bitkilərin inkişafına təsirini öyrənən açıq laboratoriyalarda müşahidələrin aparılması prosesi izlənilib. Nümayəndə heyəti həmçinin, tədqiqat mərkəzinin heyvandarlıq bölməsinə baş çəkib, heyvanların müayinəsi və müalicəsi, yem rasionunun müəyyənləşdirilməsi prosesi ilə tanış olublar.
Görüşün sonunda rektor E.İsayev və mərkəzin direktoru Johann Gasteiner arasında birgə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ən nüfuzlu elm adamlarının cəmləşdiyi Raumberg-Gumpenstein təhsil və araşdırma mərkəzi ilə qarşılıqlı əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.