Lənkəran Dövlət Universitetində (LDU) Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu  və LDU-nun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Heydər Əliyevin aqrar elmin inkişafında rolu” mövzusunda birgə elmi-praktik konfrans öz işinə başlayıb.

 

Konfransı giriş nitqi ilə açan LDU-nun rektoru professor Natiq İbrahimov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı böyük rolundan danışıb. Bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır və Ümummilli Lider həm keçmiş sovetlər dönəmində, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, aqrar sahədə də ciddi islahatlar apardı. Bunun nəticəsində isə resurslardan məqsədyönlü və səmərəli istifadə təmin olundu, sahənin dayanıqlı inkişafı üçün əsaslı baza yaradıldı:”Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda davam etdirilən uğurlu aqrar siyasət  Prezident İlham Əliyev tərəfindən böyük əzmkarlıqla, uğurla davam etdirilir. Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi daimi diqqət və qayğı, eyni zamanda imzaladığı son fərman və sərəncamlar nəticəsində kənd təsərrüfatının bütün sahələri dinamik inkişaf edir, köklü dəyişikliklər baş verir və zəruri potensialın formalaşdırılması üçün məqsədyönlü tədbirlərin icrası həyata keçirilir”.

 

N.İbrahimov LDU-da aqrar ixtisaslarda mütəxəssis hazırlanması istiqamətində görülən işlərdən  də danışıb və  bildirib ki, bu sahədə dünya ali təhsil müəssisələrinin modern təcrübəsindən istifadə edilir, tələbələrin praktik vərdişlərə yiyələnmələri məqsədilə universitetdə yardımçı təsərrüfat yaradılıb, xaricdən müasir laboratoriyalar alınıb, avadanlıqlar quraşdırılıb.

 

Elmi-praktik konfransın plenar iclasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru professor Əlövsət Quliyev “Azərbaycanda iqlim dəyişməsi və su problemlərinin yaranması”,  professor Amin İsmayılov “Azərbaycanda rəqəmsal torpaq xəritəçiliyinin əsas xüsusiyyətləri”, LDU-nun  dosentləri Balayar Şahbazov “Heydər Əliyevin torpaq islahatları ərzaq təhlükəsizliyinin təminatıdır”, Məlahət Ağayeva “Heydər Əliyev və Azərbaycanda çayçılığın inkişafı” mövzularında çıxış ediblər.

 

Plenar iclasdan sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib.