Quba rayon Gənclər və İdman İdarəsinin, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli" çərçivəsində Quba filialında “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirilib.

 

İntellektual oyunda Quba filialının, Quba Dövlət Sosial-İqtisadi Kollecinin və Quba Tibb Kollecinin tələbələri iştirak ediblər.  Yarışda hər təhsil müəssisəsindən 3 komanda, hər komandada isə 5 nəfər olmaqla, ümumilikdə 45 nəfər mübarizə aparıb.

 

Tədbirin rəsmi açılış mərasimində Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, Quba filialının direktor köməkçisi Mürvət Əliyev, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov çıxış edib, Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqətdən, dövlətçilik ənənələrindən, tədbirin keçirilməsinin məqsədindən danışaraq komandalara uğurlar arzulayıblar.

 

Daha sonra oyunun keçirilmə qaydaları haqqında komandalara məlumat verilib. Oyun hər turda 12 sual olmaqla, 2 turda keçirilib. Komandaların kubok uğrunda gərgin keçən mübarizəsinin yekununda Quba Dövlət Sosial-İqtisadi Kollecinin "Bayraktar" komandası I yerə, Quba filialının "Aid" komandası II yerə, Quba Tibb Kollecinin "Zəfər" komandası isə III yerə çıxıb.

 

Qaliblərə diplomlar, I yeri tutan komandaya isə  kubok təqdim edilib.