Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Torpağın su ehtiyatlarının və atmosferin ekoloji qiymətləndirilməsinin tədqiqatları” mövzusunda konfrans və sərgi keçirilib.

 

Konfrans və sərgi AzMİU-nun ekologiya kafedrasının, Milli Aerokosmik Agentliyinin, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun dəstəyi ilə həyata keçirilib.

 

Tədbirdə AzMİU-nun magistrantları ilə yanaşı Bakı, Sumqayıt, Xaçmaz, Şamaxı, Cəlilabad, Kürdəmir, Ucar və Ağdamdan, ümumilikdə 46 məktəbli və 25 müəllim layihələrlə iştirak edib.   

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb və bildirib ki, tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunması təsadüfi deyil. Ulu Öndərin çoxşaxəli fəaliyyətinə diqqət çəkən rektor deyib ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında digər xidmətləri kimi, ölkəmizin ekologiyasının, ətraf mühitinin qorunmasında da böyük xidmətləri olub. Professor G.Məmmədova ölkəmizin ekoloji tarazlığının qorunması, ekologiya üzrə yüksək ixtisaslı kadr potensialının daha da artırılması baxımından bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini də söyləyib.

 

G.Məmmədova AzMİU-da ekoloji tədqiqatlar üçün yaradılan laboratoriyaya diqqət çəkərək, ekoloji məsələlərə maraq göstərən şagirdləri AzMİU-ya qəbul olaraq “Ekologiya mühəndisliyi” ixtisasına yiyələnməyə dəvət edib.

 

Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov AzMİU, xüsusilə universitetin ekologiya kafedrası ilə rəhbərlik etdiyi qurumun əməkdaşlığından danışıb.

 

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru akademik Əlövsət Quliyev şagirdlərdə ekoloji məsələlərə maraq yaratmağa xidmət edən konfrans və sərgini müsbət qiymətləndirib.  

 

AzMİU-nun ekologiya kafedrasının müdiri professor Fəqan Əliyev konfransın elmi-kütləvi əhəmiyyətinə diqqət çəkib, sərginin tələbə və şagirdlərdə praktik vərdişlər, komanda şəklində işləmək bacarığı formalaşdırdığını qeyd edib.

 

Çıxışlardan sonra müəllim, tələbə və şagirdlərin əl işindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə atmosferə, ekologiyaya aid maketlər, layihələr və prototiplər nümayiş olunub. 

 

Konfransın sonunda mətkəblilərin AzMİU-ya ekskursiyası təşkil olunub və iştirakçılara sertifikatlar təqdim edilib.