Naxçıvan Dövlət Universitetində 2023/2024-cü tədris ili üzrə SABAH qruplarının bakalavriatura və magistratura səviyyəsinə tələbə qəbulu ilə bağlı infosessiya keçirilib.
SABAH qrupları layihəsi icra komitəsinin rəhbəri Eldar Qocayev bildirib ki, layihənin məqsədi xüsusi istedadı və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şərait yaratmaqdır. Diqqətə çatdırılıb ki, SABAH savadlı, bacarıqlı, hazırlıqlı tələbələrin təhsil aldığı qrupdur. SABAH qruplarının yaradılması ideyasının əsasında ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizə lazım olan yüksək ixtisaslı mütəxəssislərin xaricdə deyil, məhz ölkəmizin ali məktəblərində hazırlanması dayanır. SABAH qruplarına tələbələrin qəbulu Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan xüsusi qaydalar əsasında aparılır. Bildrilib ki, bu qaydalara əsasən, Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə, elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müsabiqənin I mərhələsi tələbələrin elektron qaydada nazirliyin saytında yerləşdirilən qeydiyyat forması əsasında qeydiyyata alınması və elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, II mərhələsi xarici dil və məntiq üzrə hər biri 25 sual olmaqla, 50 sualdan ibarət test imtahanının keçirilməsi, III mərhələsi isə test imtahanından uğurla keçən tələbələrlə müsahibənin aparılmasını əhatə edir.
Görüşdə, həmçinin bu qruplarda tədrisin necə təşkil olunması, tələbələrə verilən bir sıra imtiyazlar barədə ətraflı məlumat verilib.
Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.