Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) mexanika kafedrasının baş müəllimi Reyhan Əkbərli və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova Erasmus+ KA1 beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Texniki Universitetində (YTU) ezamiyyətdə olublar.

 

Səfər zamanı AzMİU əməkdaşları YTU-nun beynəlxalq əlaqələr koordinatoru Murat Turhan və Erasmus koordinatoru Armağan Akkoçla görüşüblər. Görüşdə YTU-nun beynəlmiləlləşmə strategiyası və təcrübəsi öyrənilib, Erasmus proqramının uzadılması istiqamətində müzakirələr aparılıb. Mövcud əməkdaşlıq müqaviləsi əsasında tələbə, tədqiqatçı və müəllimlərin mübadiləsi məsələsinə toxunulub.

 

AzMİU əməkdaşları YTU-nun inşaat fakültəsində də olub, məsul şəxslərlə görüşlər keçiriblər. Fakültənin dekanı professor Şükrü Ersoyla və fakültə kafedralarının rəhbərləri ilə əməkdaşlıq istiqamətində söhbətlər aparılıb. Müzakirələrdə iki universitet arasında müəllim mübadiləsi, ixtisasartırma və təcrübə məsələlərinə toxunulub. Bununla yanaşı, elmi tədqiqatçılara ikili rəhbərlik, beynəlxalq layihələrdə birgə əməkdaşlıq, elmi jurnallarda məqalələrin yayımlanması kimi məsələlərə diqqət çəkilib. Eləcə də, laboratoriyalarda tədqiqat aparmaq imkanının təmin olunması və gələcəkdə magistratura səviyyəsi üzrə ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı razılığa gəlinib.

 

Görüşlər zamanı YTU-nun müvafiq ixtisas müəllimlərinin AzMİU-da tədrisə cəlb edilməsi də müzakirə olunub.

 

R.Əkbərli və K.Şirinova səfər zamanı YTU-da dərslərə də qatılıb, tədrisin təşkili və metodikasını öyrənib, tədqiqat laboratoriyaları ilə yaxından tanış olublar.