Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika elmi konfransı işini yekun iclasla başa vurub.
İclasda giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov universitetdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilən konfransa respublikanın elm və təhsil ictimaiyyəti tərəfindən böyük maraq göstərildiyini diqqətə çatdırıb. Bildirib ki, konfransa ümumilikdə 40 ali təhsil və elmi tədqiqat müəssisəsindən 210 məqalə daxil olub. Konfrans çərçivəsində keçirilən 10 bölmə iclasında maraqlı məruzələrin təqdim edildiyini, faydalı və fəal müzakirələrin aparıldığını diqqətə çatdıran rektor respublika səviyyəli elmi tədbirin uğurla başa çatmasından məmnunluğunu ifadə edib, konfransın təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Sonra konfransın bölmə rəhbərləri hesabat məruzələri ilə çıxış ediblər.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova rəhbərlik etdiyi “Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideologiyası” adlı bölmə iclasında Ümummilli Liderin azərbaycançılıq ideologiyasının əsaslarından, multikulturalizm və tolerantlıq siyasətindən, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında Ulu Öndərin misilsiz xidmətlərindən və tarixi Zəfərə gedən yolda Heydər Əliyev irsinin önəmindən bəhs edildiyini diqqətə çatdırıb.
MDU-nun mexanika kafedrasının müdiri Mahir İsmayılov rəhbərlik etdiyi “Heydər Əliyevin dövlət və ordu quruculuğu siyasəti” adlı bölmə iclasında müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xilaskarlıq missiyasından, hüquqi, dünyəvi və demokratik dövlət quruculuğunda, ölkədə peşəkar hərbi kadrların hazırlanmasında və nizami ordunun yaradılmasında dahi şəxsiyyətin tarixi rolundan və uzaqgörən siyasətindən bəhs edildiyini vurğulayıb.
MDU-nun xarici dillər kafedrasının müdiri Mehdi Rəhimov rəhbərlik etdiyi “Heydər Əliyevin xarici siyasəti” adlı bölmə iclasında dünyaşöhrətli siyasətçi Heydər Əliyevin Qarabağ münaqişəsinin ədalətli həlli, regionda sülh, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq arenada nüfuzunun gücləndirilməsi və diaspor quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu xarici siyasət strategiyasından bəhs olunduğunu bildirib.
MDU-nun iqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev rəhbərlik etdiyi “Heydər Əliyevin davamlı iqtisadi inkişaf strategiyası” adlı bölmə iclasında ölkəmizin müstəqilliyinin güclənməsinin və müasir inkişafının əsasını təşkil edən Ulu Öndərin uğurlu neft strategiyası, Azərbaycanın davamlı sosial və iqtisadi tərəqqi yoluna qədəm qoymasında və iqtisadi qüdrətinin artmasında dahi şəxsiyətin müəllifi olduğu hərtərəfli inkişaf kursu barədə danışıldığını qeyd edib.
MDU-nun təhsil fakültəsinin dekan müavini Flora Namazova rəhbərlik etdiyi “Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatının inkişafı siyasəti” adlı bölmə iclasında Ümummilli Liderin ana dilinin inkişafına və cəmiyyətin milliləşməsinə yönələn uğurlu siyasətindən, Azərbaycan ədəbiyyatına və incəsənətinə qayğısından, sağlam və peşəkar mətbuatın formalaşmasında dahi şəxsiyyətin rolundan bəhs edildiyini diqqətə çatdırıb.
MDU-nun informasiya texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva rəhbərlik etdiyi “Heydər Əliyevin elm siyasəti” adlı bölmə iclasında ümummilli lider Heydər Əliyevin uğurlu elm siyasətindən, Azərbaycanda elmin inkişafına və elm adamlarına göstərdiyi yüksək diqqət və qayğıdan danışıldığını vurğulayıb.
MDU-nun təhsil fakültəsinin dekanı Nizami Zeynalov rəhbərlik etdiyi “Heydər Əliyevin təhsil siyasəti” adlı bölmə iclasında Ulu Öndərin adı ilə bağlı olan milli təhsil strategiyasının uğurlu nəticələrindən və perspektivlərindən bəhs olunduğunu bildirib.
MDU-nun humanitar fənlər kafedrasının dosenti Namaz Manafov rəhbərlik etdiyi “Heydər Əliyevin mədəni və milli-mənəvi inkişaf siyasəti” adlı bölmə iclasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərin müasir Azərbaycan mədəniyyətinin intibah dövrü kimi dəyərləndirildiyini, milli-mənəvi dəyərlərimizin qorunmasında Ulu Öndərin əvəzsiz xidmətlərindən danışıldığını qeyd edib.
MDU-nun sənayenin təşkili və idarə edilməsi kafedrasının baş müəllimi Ruhiyyə Hüseynova rəhbərlik etdiyi “Heydər Əliyevin gənclərin inkişafı siyasəti” adlı bölmə iclasında Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətinin gənc nəslin hərtərəfli inkişafında əvəzsiz rolundan, müasir Azərbaycan gəncliyinin yüksək milli-mənəvi və vətəndaşlıq ruhunda formalaşmasında Heydər Əliyev irsinin önəmindən bəhs edildiyini diqqətə çatdırıb.
MDU-nun sənayenin təşkili və idarə edilməsi kafedrasının müdiri Emiliya Hüseynova rəhbərlik etdiyi “Heydər Əliyevin iqtisadiyyatın sahələri üzrə inkişaf siyasəti” adlı bölmə iclasında Ulu Öndərin ölkə iqtisadiyyatının sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin dinamik inkişafında misilsiz xidmətləri və titanik fəaliyyətləri barədə məruzələrin təqdim edildiyini vurğulayıb.
Bildirilib ki, konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.