Z.Meftahətdinova: “Həmin vaxt Prezident Heydər Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olundum”
“Vətəni, xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən dahi şəxsiyyət bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gələn millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır”.
“Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsinə bu fikirlərlə başlayan Olimpiya rekordçusu, Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionatlarının qızıl medalçısı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahətdinova Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın çiçəklənməsi naminə gördüyü işlərdən danışıb: “Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə idmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə və müstəsna tarixi roluna görə Ulu Öndəri dünyanın görkəmli dövlət xadimləri, siyasət nəhəngləri arasında birincilər sırasında dayanır. Çünki o, Azərbaycan xalqının Ümummilli Lideri və xilaskarı kimi şərəfli missiyanı böyük əzmlə yerinə yetirmişdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz böyük bir nümunə məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Mən həmişə bunu deyirəm ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının çətin anında yanında olmasaydı, indi xalqımız hansı vəziyyətdə idi onu təsəvvür etmək çətin deyil”.
TANITIM. Zemfira Meftahətdinova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamlarına əsasən, 1995-ci ildə “Tərəqqi” medalı, 2000-ci ildə “Şöhrət” ordeni, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, 2004-cü ildə “Tərəqqi” medalı ilə, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu, daxili işlər orqanlarında xidmətlərinə görə isə 2018-ci ildə “Vətən uğrunda” medalı ilə təltif edilib.
- Zemfira xanım, çox şanslı insanlardansınız ki, Ulu Öndər Heydər Əliyevlə bir neçə dəfə görüşünüz olub. İstərdik həmin görüşlə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.
- Ulu Öndərimizlə mənim ilk görüşüm 1995-ci ildə oldu. Həmin ilin martın 5-də yüksək nailiyyət əldə etmiş idmançılarla Əl Oyunları Sarayında (indiki Bakı İdman Sarayında) möhtəşəm görüş keçirildi. Görüşdə həm veteran idmançılar, həm də gənc idmançılar iştirak edirdilər. Heydər Əliyev tədbirdə idmançılarımızla səmimi bir söhbət etdi. Ümummilli Lider və idmançılarımız böyük ruh yüksəkliyi yaşadı. Dahi rəhbər çıxışında bir daha qeyd etdi ki, bütün sahələrlə yanaşı idman sahəsinə də diqqət artırılacaq və dünyada Azərbaycan idman sahəsindəki uğurları ilə öz sözünü deyəcək. Həmin görüşdən sonra dövlət tərəfindən dünya, Avropa və olimpiya çemionatlarında naliyyət əldə edən idmançılarımıza fəxri adlar, ordenlər və mükafatlar verildi. Mən də Ulu Öndərimiz tərəfindən “Tərəqqi” medalı ilə təltif olundum.
Heydər Əliyev xalqı üçün yaşayan bir şəxsiyyət olub. Ümummilli Lider Heydər Əliyev Azərbaycana hələ birinci rəhbərliyi dövründə ölkənin bütün sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirib, onun inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirib. Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin olunması vacib istiqamətlərdən biri kimi qiymətləndirilirdi. Respublikanın şəhər və rayonlarında idman komplekslərinin, qurğuların, zalların tikintisi, meydançaların inşası, böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması əhalinin, xüsusən gənclərin bu sahəyə marağının artmasında həlledici rol oynadı.
Azərbaycan ilk dəfə 1996-cı ildə Atlanta Olimpiadasında 23 idmançı ilə iştirak etdi və 197 ölkə arasında 61-ci yeri tutdu. Bu, beynəlxalq Olimpiya hərəkatında ilk nailiyyətimiz idi. Ulu Öndər qeyd edirdi ki, idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlərin qiyməti Azərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir. 1997-ci ildə İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə ölkəmizdə idmanın inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə təşkil olunan Yay Olimpiya Oyunlarında iki qızıl və bir bürünc medal qazanaraq ümumi nəticədə 199 ölkə arasında 34-cü yeri tutdular. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda böyük qələbələr əldə etmələri, Azərbaycan bayrağını ucaltmaları dövlətimizin nüfuzunu daha da artırdı. Ulu Öndər Heydər Əliyevin də idmançılarımızdan gözlədiyi məhz bu möhtəşəm qələbələr və ölkəmizi dünyada təbliğ etmək idi.
- Heydər Əliyev sizin qəlbinizdə və yaddaşınızda necə qalıb?
- O vaxt idmançılar arasında Ümummilli Liderlə ən çox mən görüşmüşəm. Hər dəfə mötəbər idman tədbirlərində və olimpiadaların açılışında Heydər Əliyevə gül buketini mən vermişəm. Hər adama bu qismət olmur. Bunun üçün özümü çox şanslı və xoşbəxt hesab edirəm. Heydər Əliyev mənim kimi milyonların qəbində xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insan kimi yer alıb. Dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Bu məqamda bir şeyi də icazənizlə qeyd etmək istərdim ki, idmançılarla keçirilən görüşlərin birində həndbol üzrə olimpiya çempionumuz, mənim yaxın rəfiqəm Lüdmila Şubina ilə çox maraqlı bir söhbəti olub Ulu Öndərimizin. Heydər Əliyev o qədər diqqətlə onun yarışına baxıb ki, Lüdmiladan soruşub ki, sən niyə bu məqamda onu eləmədin? Heydər Əliyevin dahiliyi bu idi. O bütün idman növlərinin sirlərini bilirdi. Bu istedad hər kəsdə olmur. Şükürlər olsun ki, Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. Son illərdə ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər, dünya və Avropa çempionatları təşkil edilib. İlk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər yarışların Azərbaycanda böyük uğurla təşkili bunun əyani sübutudur.
Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın böyük hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Bu günlərdə qədirbilən Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edir. Bütün sahələrdə dinamik inkişaf edən, dünyada söz-nüfuz sahibinə çevrilən və qabaqcıl ölkələr arasında layiqli yerini tutan qüdrətli Azərbaycan dövlətinin uğurları getdikcə artır. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu uğurlu inkişaf strategiyası sayəsində mümkün olub. Bu gün ölkəmizin idman ictimaiyyəti əmindir ki, Ulu Öndər Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyevin Azərbaycanın daha da inkişafına xidmət edən siyasi xətti idmanımızın da tərəqqisinə böyük töhfələr verəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursuna sadiq qalmaqla Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Rəşad ZİYADOV