Azərbaycan Dövlət Pedaqoji Kollecində Beynəlxalq Müəllimlər Günü qeyd olunub


Oktyabrın 4-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir başlanmazdan əvvəl qonaqlar kollecin tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.  “Nurlu sabahın inciləri” mövzusundakı tədbirdə kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov əlamətdar gün münasibətilə müəllim kollektivini təbrik edib. Təhsilə, təhsil işçilərinə diqqət və qayğının dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Q.Novruzov bu sahənin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən kompleks tədbirlərdən söz açıb.

  

Tədbirdə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, professor Şahlar Əsgərov, təhsil ekspertləri Etibar Əliyev,  Nadir İsrafilov, Yasamal Rayon İcra akimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək  kollecin pedaqoji kollektivinə təbriklərini çatdırıblar.

 

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirərək onlara böyük hörmətlə yanaşıb, “Mən yer üzündə müəllimdən yüksək  ad  tanımıram”, - söyləmişdir. Təhsl işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını daim diqqətdə saxlayan ulu öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Tədbirdə müəllim olmaq istəyənlərin sayının artması sevindirici hal kimi dəyərləndirilərək bunun müəllim peşəsinin cəmiyyətdə nüfuzunun yüksəlməsi ilə bağlı olduğu vurğulanıb. Dövlətimizin başçısı İlham Əliyevin müəllimlərin üzərinə çox böyük vəzifə düşdüyünü qeyd etdiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb: “Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların  hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bilik səviyyəsindən asılı olacaqdır”.

 

Bayram tədbirində kollecin  il 100   olacağı, bu qədim təhsil ocağının fəxri məzunları arasında Mehdi Hüseyn, Niyazi Tağızadə, Salam Salamzadə, Mirvarid Dilbazi kimi görkəmli sənətkarlarımızın adlarının yer alması da xüsusilə vurğulanıb.

 

Kollecin təqaüdə göndərilən bir neçə müəlliminə, eləcə də səmərəli fəaliyyətinə görə bir qrup  müəllimə fəxri fərmanlar təqdim edilib.  Sonra tələbələrin ifasında mahnı, şeirlər dinlənilib, videoçarx nümayiş olunub. 

 

Sevda AXUNDOVA, 

Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavini